Ukrayna Rusiya Federasiyasını ikinci sülh sammitinə cəlb etmək üçün “taxıl sazişi” ətrafındakı danışıqlar təcrübəsini təkrarlaya bilər.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba mətbuata açıqlamasında deyib.
Nazir qeyd edib ki, Türkiyənin və BMT-nin vasitəçiliyilə əldə edilən razılaşma uğurlu nəticə vermişdi və həmin təcrübəyə qayıtmaq olar: “İkinci Zirvəyə(Sülh Sammitinə-red.) gedən yolda bir çox məsələləri həll etmək lazımdır, xüsusən də bu danışıqların necə qurulacağı ilə bağlı məsələni. Bununla belə, bizim Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı danışıqlarda çox uğurlu təcrübəmiz var. O zaman Ukrayna Türkiyə və BMT ilə, Türkiyə və BMT isə Rusiya ilə danışıqlar aparmışdı. Müqavilə Türkiyə, BMT və Ukrayna, eləcə də Türkiyə, BMT və Rusiya arasında imzalanmış sənəd oldu və razılaşma beləcə ərsəyə gəldi”.
Kuleba deyib ki, rəsmi Kiyevin Ukraynaya qarşı törətdiyi bütün cinayətləri, işğalı və s. nəzərə alaraq, Rusiya ilə birbaşa, təkbətək əlaqə saxlamaq arzusu yoxdur. O, həmçinin əlavə edib ki, hazırda Ukrayna üçün əsas vəzifə təkcə müharibəni dayandırmaq deyil, həm də gələcəkdə sülhü təmin etməkdir: “Rusiya haqqında danışarkən təhlükəsizlik şərti əsas şərtdir. Buna görə də son qələbə Rusiya Federasiyasının Ukraynaya hücumu təkrarlaya bilməyəcəyi bir reallığın yaradılması olmalıdır”.
Kuleba deyib ki, bu reallığı əldə etməyin ilkin şərtlərindən biri ABŞ və digər ölkələrlə təhlükəsizlik sazişlərinin imzalanmasıdır.
Göründüyü kimi, Türkiyənin vasitəçiliyi məsələsi yenidən gündəmə gəlir. Çünki Türkiyə kimi dünyada hər iki münaqişə tərəfinin etibar edə biləcəyi ikinci nüfuzlu ölkə tapmaq çətindir.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər