Moskvanın Basmannı rayon məhkəməsi Ukraynanın keçmiş baş naziri Vladimir Qroysman, keçmiş xarici işlər naziri Pavel Klimkin və keçmiş maliyyə naziri Aleksandr Şlapakı qiyabi həbs edib. “Qərb” əməliyyat komandanlığının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin generalı İqor Dovqan haqqında da qiyabi həbs qərarı verilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Moskvanın ümumi yuridiksiya məhkəmələrinin “Telegram” kanalında məlumat verilib.
Onlar qadağan olunmuş döyüş vasitələrindən və üsullarından istifadə maddəsi ilə ittiham olunurlar və hamısı beynəlxalq axtarışa verilib.
Apreldə Rusiya İstintaq Komitəsi Qroysman və Klimkinə qiyabi ittiham irəli sürüb. Müstəntiqlərin fikrincə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü olan məmurlar Donbassda rusiyayönlü separatçılara qarşı hərbi əməliyyat keçirmək qərarını dəstəkləyiblər.
İstintaq Komitəsinin məlumatına görə, Dovqan Ukrayna qüvvələrini antiterror əməliyyatı zonasına göndərməzdən əvvəl onların hazırlığı və döyüş koordinasiyasına cavabdeh idi. Mart ayında ona qiyabi ittiham irəli sürülüb. İdarə Şlapakı əməliyyatı maliyyələşdirməkdə ittiham edir.
“AzPolitika.info”


Şərhlər