İnsanların nə qədər yaşayacağı ilə bağlı cavabsız qalan sual həyatları boyu daim onları düşündürən əsas fikirlərdən biridir.

“AzPolitika” xəbər verir ki, “British Journal of Sports Medicine” jurnalında dərc olunan məqalədə 10 saniyəlik sadə bir testlə bu suala cavab tapmağın mümkün olduğu iddia edilib.

Bu iddiaya görə, əgər bir insan 10 saniyə ərzində qolları yan tərəfdə, tək ayaq üstə dayana bilirsə, deməli, onun uzun ömür sürmək şansı kifayət qədər yüksəkdir. Qeyd olunur ki, bu test Rio-de-Janeyroda CLINIMEX xəstəxanasında müxəlif yaş kateqoriyasına aid şəxslər üzərində aparılıb və sınağın sağlamlıq və ömür uzunluğunun bir göstəricisi olduğu qənaətinə gəlinib.


Sınaq çərçivəsində 51-75 yaş aralığında 1702 insan 7 il müddətində izlənilib. Əvvəlcə iştirakçılardan heç bir əlavə dəstək olmadan 10 saniyə tək ayaq üstə durmaları istənilib və bu zaman 5 nəfərdən biri bu sınaqdan keçə bilməyib. Sonrakı onillikdə 123 nəfər müxtəlif səbəblərdən dünyasını dəyişib. Yaş, cins və əsas şərtlər hesaba alındıqdan sonra 10 saniyə bir ayaq üzərində dayaqsız dayana bilməyib, 0-3 bal toplayanların digərlərinə nisbətən ölüm riskinin 84 faiz daha çox olduğu müəyyən edilib.

Qeyd edək ki, testdə iştirak edənlərin müvazinətini nə qədər və necə qoruya bildiyinə dair göstəricilər 10 ballıq şkala üzrə qiymətləndirilir.

“AzPolitika.info”