Menu

Kursk uğursuzluğu Putin hakimiyyətinə nə vəd edir? – “Rusiyada narazılıq açıq müstəviyə keçə bilər”

12.08.2024, 15:36
Kursk uğursuzluğu Putin hakimiyyətinə nə vəd edir? – “Rusiyada narazılıq açıq müstəviyə keçə bilər”

“Rusiya-Ukrayna müharibəsini “xüsusi hərbi əməliyyat” kimi sırıyanlar elə zənn edirdilər ki, üç günə Kiyevdə duz-çörəklə qarşılanacaqlar. Alınmadı, araşdıranda məlum oldu ki, neçə illərdir bu iş üçün ayrılmış milyardlar yeyilib. Ayrılan vəsaitin cüzi bir hissəsi təyinatı üzrə sərf edildiyindən artıq üç ilə yaxındır davam edən “əməliyyat” getdikcə Rusiya üçün böhran mərhələsinə qədəm qoyur”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində apardığı əməliyyatları şərh edərkən deyib.

“Oğurluğun fərqində olan Putin müdafiə nazirini iqtisadçı ilə əvəzləməyə məcbur oldu, amma “dağın başından yumalanan daşın” qabağını kəsmək mümkün olmur. Ukrayna ordusunun son Kursk əməliyyatı da “içirlər və oğurlayırlar”ın məntiqi nəticəsidir. Təkcə Rusiya mətbuatının verdiyi məlumatlara əsaslansaq, bütöv bir generallar dəstəsi orduda korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb olunublar”, - deyə, təhlilçi əlavə edib.

Ekspertin sözlərinə görə, Rusiya Qərbin dəstəyinin parçalanması naminə indi hər cür vasitələrə əl atır. O cümlədən Yaxın Şərqdə yaranmış İran-İsrail qarşıdurmasından da fəal şəkildə yararlanmaq siyasətinə başlayıb: “Avqustun 6-da Sergey Şoyqunun İrana səfərinin əsasını da məhz Tehranın müharibədə istifadə edəcəyi qanadlı və ballistik raketlər, hava hücumundan müdafiə sistemləri ilə təmin etmək dayanırdı. Həmin silahları daşıyan hərbi təyyarələr Şoyqunun təyyarəsi ilə paralel olaraq Tehrana eniş etdi. Üstəlik, İran ordusunun şəxsi heyətinə təlim keçən rusiyalı hərbi təlimatçılar da. Dünən briqada generalı Əli Şadmaninin rəhbərlik etdiyi İran hərbi heyətinin Rusiyada keçirilən “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunun açılışında iştirak etməsi də bu istiqamətdə başlanan əməkdaşlığın tərkib hissəsidir”.

İ.İsmayıl vurğulayır ki, İranla belə bir sövdələşmə getdiyi vaxt Rusiya Ukrayna ordusunun sürətli hücumu və Kursk vilayətinin bir çox yaşayış məntəqəsini nəzarəti altına alması, 75 mindən çox mülki əhalinin evakuasiya edilməsi, 200 nəfərin itkin düşməsi, faktı ilə üz-üzə qalıb. Eyni zamanda,  bir həftədən çoxdur ki, Ukrayna hərbiçilərini öz ərazilərindən çıxara bilmir.

“Bu, həm də məşhur QRU-nun kəşfiyyat məlumatlarını vaxtında ala bilməməsi deməkdir. Çünki Rusiya xüsusi xidmət orqanları FTX, XKX və QRU arasında nüfuz savaşına daha çox vaxt sərf edilir, nəinki müharibə cəbhəsindən qabaqlayıcı informasiyanın əldə edilməsinə. Əksinə, Ukrayna MN Kəşfiyyat Baş İdarəsi müharibənin başladığı ilk gündən Rusiyanın cəbhə xəttindən hətta min kilometr dərinlikdə olan hərbi obyektlərinə dəfələrlə zərbələr endirməyə müvəffəq olub”, - o, qeyd edib.

Kursk əməliyyatı müharibənin perspektiv inkişafına necə təsir edəcək?

İlham İsmayıl hesab edir ki, əgər Ukrayna ətrafında danışıqlar indi başlasa, Kursk əməliyyatı Ukraynanın əlini gücləndirən amil olacaq: “Amma, danışıqların başlanması Rusiyanın imicinə mənfi təsir edəcəyindən çətin ki, danışıqlara indi start verilsin. Qərbin və Ukraynanın bundan sonra aparacağı koordinasiyalı siyasəti öz yerində, burada vacib faktorlardan biri Rusiyadaxili vəziyyətin hansı istiqamətdə inkişaf etməsidir”.

Müharibənin Rusiyanın ərazilərinə keçməsi cəmiyyətdə etiraz yarada bilərmi?

Təhlilçi bu suala cavabında deyir ki, Rusiyanın əraziləri azad etmək perspektivi hələ ki, aydın təsir bağışlamır və situasiyanın bu cür davam etməsi Rusiya cəmiyyətində narazılıq və etiraz yarada bilər. O cümlədən hakim komanda daxilində də narazılığın açıq müstəviyə keçməsi istisna olunmur: “Alınan məlumatlar göstərir ki, imperiya ambisiyaları Rusiya cəmiyyətinin təfəkkürünə nə qədər hakim kəsilsə də, bu müharibənin onlar üçün motivasiyası faktiki yox səviyyəsindədir. Sadəcə, hakimiyyətin yaratdığı xof və qorxu cəmiyyəti açıq etirazlardan çəkindirir, əksinə, 37-ci ildə olduğu kimi donosçuluğa şərait yaradır. İki gün əvvəl Moskvada “Vaqner”ə qoyulmuş heykəlin yanından keçən sərnişin avtobusunda 80 yaşlı bir kişi "vaqnerçilər"i quldur adlandırdığına görə avtobusdakı iki nəfər onu döyüb polisə təhvil veriblər”.

Ekspert bildirir ki, Rusiya informasiya kanalları nə qədər təbliğat aparsalar da, hər gün Belqorod, Kursk vilayətlərindən əhalinin evaukasiyası barədə xəbərləri də gizlədə bilmirlər.

“Yurd-yuvasından olan əhali, bəlkə bu dəfə “içib oğurlamaq” əvəzinə, içib etiraz edəcək? Az inandırıcı olsa da, Rusiya əhalisinin “içib etiraz etməsi” faktları tarixdə baş verib. Putin hakimiyyətini indi ən çox narahat edən də cəmiyyətin kütləvi etirazının baş verməsidir”, - İlham İsmayıl vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol