Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “Ludoqorets”i iki oyunun nəticəsinə görə, 8-4 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo Zaqreb” komandasına rəqib olan “Qarabağ” bu rəqibini məğlub etməyi bacarsa, qitənin ən nüfuzlu turnirində çıxış etməyə haqq qazanacaq.
“AzPolitika” xəbər verir ki, Ağdam təmsilçisi “Zaqreb”i mübarizədən kənrlaşdıraraq həm də böyük məbləğdə gəlir əldə bilər.
Belə ki, bu ildən yeni formatda keçiriləcək Çempionlar Liqası turnirində həm klub sayı, həm də qazanılan mükafatın məbləği artırılıb. Bu mövsüm 36 (əvvəl 32 idi-red.) komandanın iştirakı ilə keçiriləcək turnirdə komandalar liqa formatında ilk mərhələdə 8 oyun keçirəcək. İlk 8-likdə yer alan komandalar 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutan komandalar son 16 turun pley-off mərhələsində oynayacaqlar.
Klublara ödəniləcək vəsaitə gəlincə, bu il turnirdə İştirak payı 500,5 milyon avrodan 670 milyon avroya çatdırılıb. “Qarabağ” klubu qruplara qalmağı bacarsa, 17,87 milyon avro vəsait əldə edəcək. Liqa mərhələsində qalibiyyətə görə 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro mükafat ödəniləcək.
Qeyd edək ki, Xorvatiyadakı ilk görüş avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq “Qarabağ” – “Dinamo Zaqreb” qarşılaşması isə saat 20:45-də start götürəcək.
“AzPolitika.info”

Şərhlər