Ötən gün UEFA Çempionlar Liqasının Pley-off mərhələsinin ilk görüşündə İsveçrənin “Yanq Boys” komandasına 3-2 hesabı ilə məğlub olan “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matç sonu keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

“AzPolitika” xəbər verir ki, UEFA-nın hakim təyinatını tənqid edən türkiyəli çalışdırıcı növbəti oyunu azərbaycanlı hakimin idarə etməsini istəyib.

“Pis hakim idarəçiliyi var idi. Çempionlar Liqasına giriş mərhələsində daha yaxşı hakim performansı gözləyirsiniz. Bu hakim bizə FİFA lisenziyası olduğunu hiss etdirmədi. Həmişə oyunu dayandırırdı. Lazımsız kartlar göstərirdi. İsveçrənin Almaniya ilə qonşu bir bölgəsindəyik. Oyunçular və hakim almanca danışırlar. Biz də növbəti oyunda azərbaycanlı hakim istəyirik. Türkcə danışan azərbaycanlı hakim təyin etsələr sevinərik”,-deyə O. Buruk bildirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı 28 avqustda İstanbulda keçiriləcək.

“AzPolitika.info”