Menu

AZƏRBAYCAN–ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ – İmkanlar, perspektivlər... (ŞƏRH)

23.08.2024, 12:38
AZƏRBAYCAN–ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ – İmkanlar, perspektivlər... (ŞƏRH)

Azərbaycan – Özbəkistan münasibətləri və iqtisadi əlaqələri Türk coğrafiyasının birləşdirilməsinə təkan verəcək

ŞƏFA ƏLİYEV,

professor, iqtisad elmləri doktoru,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri

Son illərdə regionda və qlobal səviyyədə baş verən transformasiyalar və yeni reallıqlar diqqət çəkməkdədir. Xüsusilə. Türk dövlətlərinin inteqrativ əlaqələri və ticarət-iqtisadi münasibətləri daha intensiv müstəviyə keçmişdir. Türk coğrafiyasının birləşdirilməsi perspektivləri istiqamətində atılan addımlar və bununla əlaqədar olaraq Türk dövlətlərinin qarşılıqlı inteqrasiyasının intensivləşməsi diqqət çəkir. Bu dövlətlər arasında siyasi və iqtisadi, humanitar əlaqələrin daha sıx şəkildə təşkili istiqamətində önəmli addımlar atılır, dövlət başçılarının, müvafiq dövlət strukturlarının, iqtisadi subyektlərin qarşılıqlı səfərləri və görüşləri, forumları, tədbirləri həyata keçirilir.

Hazırda Türk dövlətlərinin iqtisadiyyatları ümumi olaraq real həcm baxımından 4948 milyard həcmində qiymətləndirilir və alıcılıq qabiliyyəti pariteti baxımından bu həcmin daha böyük olduğu qənaətindəyik. Bu qəbildən ÜDM-in həcmi Türkiyədə 3 trilyon 573 milyard ABŞ dolları, Qazaxıstanda 604,5 milyard, Özbəkistanda 420 milyard, Azərbaycanda 190 milyard, Türkmənistanda 118 milyard və Qırğızıstanda 43 milyard səviyyəsində qiymətləndirilir.

Türk dövlətləri arasında münasibətlərin dərinləşməsi, beynəlxalq səviyyədə bir-birlərini dəstəkləməsi, birgə beynəlxalq layihələrin reallaşdırılması tədbirləri genişlənməkdədir. Bu proseslərdə Azərbaycan – Özbəkistan arasında münasibətlər və iqtisadi əlaqələr önəmli funksiyaları yerinə yetirir.

Özbəkistan regionun, xüsusilə Mərkəzi Asiyanın önəmli dövlətlərindən birinə çevrilməkdədir və daha çox əhali resurslarına malikdir. Hazırda əhalinin sayı 37 milyona yaxındır. Digər tərəfdən, Özbəkistanın keçdiyi inkişaf tarixi Azərbaycanla müəyyən mənada oxşardır və hər iki ölkə 70 ilə yaxın bir dövrdə Sovet imperiyasının müttəfiq respublikalarından biri olmuşdur.

Ümumilikdə Özbəkistan qeyd etdiyimiz kimi Mərkəzi Asiyanın öncül dövlətlərindəndir və onun mərkəzində yer almışdır. Digər tərəfdən, bir sıra Türk dövlətləri ilə, o cümlədən Qazaxıstan, Qırğızıstan, Türkmənistanla, eyni zamanda Əfqanıstan və Tacikistanla ümumi sərhədlərə malikdir.

Özbəkistan təbii resurslarla zəngindir və Asiyanın ən iri qızıl mədəni bu ölkədədir, belə ki, qızıl ehtiyatlarının həcmi 4 min tondur. Bunlarla bərabər, Özbəkistanda 100 növdən çox mineral ehtiyatlar vardır. Ölkədə 194 neft – qaz yataqları vardır və onların bir çoxunun istismarına başlanılmışdır. Geoloji neft ehtiyatlarının həcmi 5 milyard ton qiymətləndirilir. Təsdiq edilmiş neft ehtiyatlarının həcmi isə 600 milyon tona yaxındır.İldə orta hesabla 3,5 milyon ton neft hasil edilir. Təbii qazın geoloji ehtiyatları isə 5 trilyon kub metrdən çoxdur. Özbəkistanda təbii qazın sənaye təyinatlı təsdiq edilmiş ehtiyatının həcmi isə 3,4 trilyon kub metr səviyyəsindədir. İllik təbii qaz hasilatına görə dünyada 11-ci yerdədir və hasilatın həcmi 70 milyard kub metr səviyyəsindədir. Ölkədə həmçinin uran ehtiyatı vardır və radioaktiv metalların ehtiyatı üzrə dünyada 7-ci yerdədir.

Özbəkistan iqtisadiyyatının strukturunda əsas yeri xidmət sektoru tutur (50 %), kənd təsərrüfatı 18 %, sənaye isə 32 % paya malikdir. Ölkə əhalisinin məşğulluğunda kənd təsərrüfatının xüsusi çəkisi 44 %, sənaye 20 % və xidmət sektoru 36 %-dir. Beynəlxalq maliyyə institutlarının proqnozlarına görə növbəti illərdə ölkə iqtisadiyyatının artım tempi 5 %-dən aşağı olmayacqdır. İqtisadiyyatın əsas inkişaf trendləri nəqliyyat, energetika və su təsərrüfatı sahələri ilə bağlıdır, həmçinin infrastrukturun çoxşaxəli inkişaf etdirilməsi proqnozlaşdırılır.

Özbəkistanda ildə orta hesabla 8 milyon ton taxıl məhsulları 11,2 milyon ton tərəvəzlər, 3,4 milyon ton kartof, 2,4 milyon ton bostan məhsulları. 3 milyon ton meyvə və giləmeyvələr, 1,8 milyon ton üzüm və s. istehsal edilir. Əsas ixrac məhsulları pambıq, qızıl, təbii qaz, uran filizi, metallar, həmçinin tekstil və qida məhsullarıdır. Son illərdə turizm ölkənin əsas iqtisadiyyat sahələrindən birinə çevrilməkdədir və müasir turizm infrastrukturunun yaradılmasına diqqət artırılmışdır.

Müasir müstəqil Özbəkistan bir çox beynəlxalq təşkilatların üzvüdür və regionda strateji funksiyaları yerinə yetirməyə qadir olan bir dövlətdir. Regionun ən iri ölkələri ilə, o cümlədən Çinlə sıx ticarət-iqtisadi əlaqələrə malikdir.

Bu qeyd olunanlar baxımından Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin maksimum genişləndirilməsi perspektivləri vardır. İki ölkə arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildən qurulub və keçən dövr ərzində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılıb. Ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun iki ölkə arasında əlaqələrin strateji istiqamətlərinin müəyyənləşdirilməsində xidmətləri yüksəkdir. Məhz bu əlaqələr nəticəsində Azərbaycanla Özbəkistan arasında bir çox istiqamətlər üzrə dostluq və əməkdaşlıq müqaviləsi imzalanmışdır. 1996-cı ildən etibarən Azərbaycanın Özbəkistanda, 1998-ci ildən başalayaraq Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, hesab edirik ki, müəyyən dövr ərzində iki ölkə arasında mövcud potensialdan maksimum səmərəli istifadə edilməsi prosesləri qlobal çağırışlara adekvat olmamışdır.

Son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətlərinin ən yüksək səviyyəyə çatması sayəsində, Azərbaycanla Özbəkistan arasında siyasi-iqtisadi əlaqələr yeni məhsuldar mərhələyə keçmişdir. Bu münasibətlər Böyük Qarabağ Zəfərindən sonra daha intensiv xarakter daşımışdır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Özbəkistana səfər etmişdir və bu qardaş ölkə ilə siyasi-iqtisadi əlaqələrimizin strateji məqamlarını müəyyənləşdirmiş, eyni zamanda Türk dünyasının yeni çağırışlarına adekvat münasibətlərin formalaşdırılmasına nail olmuşdur.

Əlamətdar haldır ki, 2023-cü il avqustun 23-də işğaldan azad olunmuş və tamamilə dağıdılmış, viran qoyulmuş, minalanmış ərazilər təmizlənməklə yenidən qurulan və tikilən Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən müasir dünya standartlarına cavab verən tam orta məktəb tikilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

İki ölkə arasında xarici ticarət əlaqələrinin dinamik inkişafı da müşahidə edilir. Düzdür, bu sahədə güclü potensial və perspektivlərdən məhsuldar istifadə edilməsinə müəyyən vaxt tələb olunur. Amma, qeyd edə bilərik ki, 2015-2023-cü illərdə Azərbaycanla-Özbəkistan arasında xarici ticarət dövriyyəsi 10,5 dəfəyə yaxın yüksəlmişdir. Əgər 2015-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin ümumi həcmi 17 milyon ABŞ dolları idisə, bu göstərici 2023-cü ildə 178,7 milyon ABŞ dolları təşkil etmişdir. 2015-2023-cü illərdə Azərbaycanın Özbəkistandan idxal etdiyi məhsulların həcmi 21 dəfə artmış və 2023-cü ildə 131 milyon ABŞ dolları həcmində olmuşdur. Bu dövr ərzində Azərbaycandan Özbəkistana ixracın həcmi isə 4,3 dəfə artmış və 2023-cü ildə 47,1 milyon ABŞ dolları həcmində olmuşdur. İdxal-ixrac dövriyyəsində kənd təsərrüfatının müxtəlif seqmentləri, eyni zamanda bir qrup sənaye məhsulları üzrə mübadilələrin aparılmasında, nəqliyyat-logistika və energetika sistemindən səmərəli istifadə edilməsində əməkdaşlığın daha çox imkanları diqqət çəkir. Azərbaycandan Özbəkistana əsasən reaktiv mühərriklər üçün kerosin yanacağı, lak və boya maddələri, polietilen ixrac olunur. Özbəkistandan isə əsasən qurudulmuş üzüm, qırmızı lobya, yer fıstığı, xam ipək, parça, minik avtomobilləri və avtobuslar idxal edilir.

Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin əyani ifadələrindən biri də Gəncə şəhərində Özbəkistanın fəxri konsulluğunun fəaliyyətə başlamasıdır. Bu struktur Gəncə şəhəri ilə Özbəkistanın müxtəlif şəhərləri arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaradacaqdır.

Azərbaycanda Özbəkistanın 70-ə yaxın müxtəlif şirkətləri fəaliyyət göstərir. Özbəkistanda aparıcı iqtisadiyyat sahələrindən biri olan yüngül sənaye subyektləri ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə ciddi maraq göstərirlər. Məsələn, Özbəkistanın “Tukmachı Sanoat Tekstil” MMC ilə İmişli rayonu ərazisində aqroparkın yaradılmasına dair müqavilə imzalanıb. Bu parkın ərazisi 5826 hektardır və burada əsasən pambıqçılıq inkişaf etdiriləcəkdir. Yatırılacaq investisiyaların həcmi 28 milyona yaxın olacaqdır. Aqroparkda ümumilikdə pambıq emalı təmin edilməklə, toxuculuq, iplik, tikiş fabrikləri, eyni zamanda pambıq yağı istehsal edən zavodun tikintisi planlaşdırılmışdır. İki ölkənin sahibkarlıq və biznes subyektləri arasında digər əsas fəaliyyət istiqamətləri neft-qaz, energetika, qida, ticarət, kənd təsərrüfatı, xidmət sektoru və s. sahələrdir. Özbəkistanda isə 236 Azərbaycan şirkəti fəaliyyət göstərir, o cümlədən onlardan 71-i müştərək müəssisə formasındadır.

Azərbaycanla Özbəkistan arasında 2023-cü ildə 500 milyon dollarlıq investisiya fondunun yaradılması üzrə ikitərəfli saziş imzalanıb. Dövlət başıçıları bu fondun kapitalının əhəmiyyətli səviyyədə artırılması barəsində razılığa gəliblər. Bundan başqa AZPROMO, həmçinin Kiçik və Orta Biznesin İnkişaf Agentliyi ilə Özbəkistanın bir sıra qurumları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət sənədləri imzalanmışdır.

Energetika sahəsində əməkdaşlıq baxımından Azərbaycan və Özbəkistan birgə səylər göstərirlər. Məsələn, Qazaxıstanın da iştirakı olmaqla, Mərkəzi Asiyadan Avropaya təmiz enerji ixracı üçün baş ofisi Bakıda yerləşəcək birgə müəssisənin yaradılması barəsində razılığa gəlinib. Bu məqsədlə, elektrik enerjisini Gürcüstandan keçməklə Qaradəniz vasitəsilə Rumıniyaya, daha sonra isə Macarıstana, həmçinin başqa Avropa ölkələrinə çatdırmaq üçün 1195 kilometr uzunluğunda sualtı kabel xətti çəkilcəkdir. Bu layihənin əsas məqsədi 4 QVt təmiz enerji istehsalına nail olmaq və onun Avropaya ixracını təmin etməkdir. Həmçinin Azərbaycanla Özbəkistan hökuməti arasında Beynəlxalq Avtomobil daşımalarına dair saziş imzalanmışdır.

Azərbaycanda Özbəkistan ticarət evi fəaliyyət göstərir və əsas məqsəd iki ölkənin biznes strukturları arasında əməkdaşlığın genişləndirilməsi, potensial bazarların öyrənilməsi, qarşılıqlı maraq doğuran ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycandan Özbəkistana əsas etibarı ilə neftkimya, kənd təsərrüfatı məhsulları, həmçinin tikinti materialları, kabel istehsalı üçün xammal ixrac edilir. Tezliklə Daşkənddə də Azərbaycan Ticarət evinin açılması nəzərdə tutulmuşdur. Özbəkistandan isə əsasən yüngül sənaye məhsulları, quru meyvə, eyni zamanda elektrotexnika malları idxal edilir. Hacıqabul Sənaye Parkında artıq “Chevrolet” avtomobilinin istehsalı təmin dilmişdir. Həmçinin yük maşınlarının da istehsalına başlanılmışdır.

SOCAR və “Uzbekneftegaz” ASC arasında Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi və layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq münasibətləri vardır. Həmçinin Bakı Ali Neft Məktəbində Özbəkistan üçün ixtisaslı kadrların hazırlanmasına dair müqavilə imzalanmışdır.

Özbəkistan şirkətləri Zəngilanda kaolin gili yataqlarının istismarında maraqlıdırlar və burada istehsal müəssisəsinin qurulması niyyətindədirlər. Şirkətlər işğaldan zad olunmuş ərazilərdə kənd təsərrüfatı, turizm, tekstil müəssisələrinin, həmçinin pambıq klasterinin yaradılmasına, nəqliyyat-logistika layihələrinə maraq göstərirlər.

Qeyd edək ki, dövlət başçılarının qarşılıqlı səfərləri iki dost ölkə arasında ticarət-iqtisadi əlaqələrin, həmçinin digər sahələrdə münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasına əlavə təkan verməkdədir. 2023-cü ilin avqustunda Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı 20 sənəd imzalanmışdır. Ümumilikdə isə iki dövlət arasında əməkdaşlıq sənədləri 133-dən çox sazişdə öz əksini tapmışdır.

Azərbaycan – Özbəkistan əlaqələrinin müasir aspektlərindən bu qənaətə gəlmək olar ki, yaxın perspektivdə iki ölkə arasında siyasi-iqtisadi əlaqələr daha da dərinləşəcək və bu proseslərin Türk coğrafiyasının birləşdirilməsinə əlavə stimullar və təkan verəcəkdir. Azərbaycan – Özbəkistan münasibətləri və iqtisadi əlaqələri Türk coğrafiyasının birləşdirilməsinə təkan verəcək.

Əminliklə demək olar ki, Azərbaycan Respublikası Prezidentinin 22-23 avqust 2024-cü ildə Özbəkistan Respublikasına rəsmi dövlət səfərində müzakirə olunacaq məsələlər əsasında imzalanacaq yeni sənədlər iki dost ölkə arasında münasibətləri və ticarət-iqtisadi əlaqələri maksimum prioritetlik səviyyəsinə qaldıracaqdır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol