Menu

Professor Nəsiman Yaqublu yol qəzasında ölüb (Yenilənib)

25.08.2024, 22:39
Professor Nəsiman Yaqublu yol qəzasında ölüb (Yenilənib)

Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məlumata görə, deputatlığa namizəd olan Nəsiman Yaqublu Zəngilanda seçicilərlə görüşdən qayıdırmış.

O, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədi idi.

Allah rəhmət eləsin!

***

Qeyd edək ki, Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub

1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir.

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərir.

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.

2001-ci ildə "Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə" mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə "Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2008-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində Qafqaz mühacirlərindən Piradzeyə həsr edilən konfransda, 2015-ci ilin oktyabr ayının 26–29-da Polşanın Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin təşkil etdiyi Beynəlxalq Prometey konfransında iştirak edib.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol