“Əgər İrəvan Bakı ilə birbaşa danışıqlar aparmaq istəyirsə, Allah xatirinə, aparsın”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən nazir daha sonra Moskvanın mövqeyini açıqlayıb: “Eyni şəkildə, biz indi narahatıq ki, 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın bir neçə dəfə keçirilmiş sammitində bağlanmış üçtərəfli sazişlər də gözləmədədir. Burada mən nəqliyyat əlaqələrinin bərpasından danışdım və bu məsələ ilə məşğul olan üçtərəfli komissiyanı da qeyd etdim, indi o, çətin ki, toplanar. İrəvan hesab edir ki, bunu birbaşa Azərbaycanla etmək lazımdır, amma uğur qazanarsa, Allah xatirinə, etsinlər”.
Lavrov əlavə edib ki, Rusiya Federasiyası dövlət sərhədinin demarkasiyası ilə bağlı proses iştirakçıları arasında məsləhətləşmələr keçirməlidir, lakin bu baş vermir. “Xeyr, istəmirlər və eyni zamanda davamlı olaraq Qərbi, ABŞ-ni, Avropa İttifaqını, Parisi cəlb etməyə çalışırlar ki, istənilən proses onların himayəsinə götürülsün. Onların seçimidir, amma ilk növbədə azərbaycanlı qonşularla razılaşmaq lazımdır. Başqa yol yoxdur”, - Sergey Lavrov bildirib.
Lavrov bir daha təkid edib: 9 noyabr tarixli bəyanatda ağ-qara yazılıb ki, Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvana həm avtomobil, həm də dəmir yolu ilə birləşdirən marşrutu bərpa etməlidir, Rusiya sərhəd mühafizə qüvvələri də marşrutun təhlükəsizliyini təmin etməlidirlər.
Şənbə günü keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, bu müddət ərzində Azərbaycanla ikitərəfli iş formatı müəyyən qədər effektivlik nümayiş etdirib. O, qeyd edib: “Nə qədər ki, biz ikitərəfli formatda irəli gedə bilirik, hesab edirəm ki, bu format düzgündür”.
“AzPolitika.info”


Şərhlər