ABŞ administrasiyasının 370 kilometr məsafədəki hədəfləri vura bilən uzaq mənzilli “JASSM” qanadlı raketlərinin Ukraynaya çatdırılmasını nəzərdə tutan sazişi imzalamağa yaxın olduğu iddia edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
“Reuters”-ə danışan və adının çəkilməsini istəməyən üç mənbənin verdiyi məlumata görə, qərarın bu ilin payızında açıqlanması gözlənilir.
Məlumata görə, bu, təsdiqini taparsa, Ukrayna sözügedən silahı yalnız bir neçə ay ərzində ala biləcək. Nəşr texniki problemlərin həllinin vaxt aparacağını qeyd edib.
Nəşr iddia edir ki, raketlər döyüş əməliyyatlarının gedişinə əhəmiyyətli təsir göstərəcək.
"Ukrayna ordusu təmas xəttindən uzaqda Rusiyada yerləşən hədəfləri vura biləcək. Raketlərin atış məsafəsi ilə yanaşı, əsas xüsusiyyətlərindən biri də 4 metr uzunluğuna baxmayaraq radarla aşkarlanmasını çətinləşdirəcək şəkildə dizayn edilməsidir. Bundan əlavə, raketlər aşkar edilmiş hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün xüsusi marşrutları izləmək üçün proqramlaşdırıla bilər. Bu raketlər həm də yerə yaxın uçmaq qabiliyyətinə malikdir”,-deyə nəşr qeyd edib.
“AzPolitika.info”


Şərhlər