İsrail İranın nüvə obyektlərini əsas hədəf kimi qəbul etdiyini bəyan etdikdən sonra İranın nüvə enerjisi istehsal edən obyektlərinin təhlükəsizliyi məsələsi gündəmə gəlib.
"AzPolitika" xəbər verir ki, Böyük Britaniyanın "RUSI" analitik mərkəzi İranın nüvə obyektləri ilə bağlı maraqlı bir məqalə hazırlayıb. Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik:
"İsrail İranın nüvə obyektlərinə nə qədər ziyan vura bilər?
İranın İsrail raketlərindən qorumağa hazırlaşdığı nüvə obyektlərindən biri olan "Natanz" uran zənginləşdirmə obyekti yerin 100 metr dərinliyində yerləşir. Bir çox ekspertlər dünyada hər hansı bunker deşən raketin bu obyektə çata biləcəyinə şübhə edirlər. "Natanz" obyektinin yer kompleksi boyunca uzanan üç ayrı binadan ibarət olduğu düşünülür. Qeyri-kommersiya təşkilatı olan Nüvə Təhdidi Təşəbbüsünün mütəxəssisləri bu obyektdə uranı yanacağa çevirən təxminən 50 min sentrifuqanın olduğunu düşünürlər. Yeraltı nəhəng kompleksin səthində 2,5 kilometr uzunluğunda ventilyasiya dəhlizləri peyk görüntüləri mövcuddur. Obyektin səthindəki 6 bina hava hücumundan müdafiə sistemləri və kilometrlərlə hasarların ətrafında patrul edən İnqilab Keşikçiləri tərəfindən qorunur.
Peyk görüntüləri hələ də obyektin səthində mümkün təmir işlərinin aparıldığını aşkar edir. Yeni tunel girişləri açılır, yerin altından çıxarılan torpaq obyektin səthindəki süni təpənin üzərinə tökülür.

"Tək yol hərbi əməliyyatdır"
"Janes Satellite Imagery Analysis" şirkətinin mütəxəssisləri yerin altından çıxarılan torpaq yığınına əsaslanaraq nüvə obyektinin yerin 80-100 metr altında olduğunu bildirirlər. Bu arada "Natanz" obyekti İranın uranın zənginləşdirilməsi üzrə yeganə obyekti deyil. Böyük Duz Səhrası yaxınlığında dağa oyulmuş "Fordo" nüvə obyekti də var və o da "Natanz" kimi əlçatmaz yerdədir. Ekspertlər hesab edirlər ki, hətta İsrailin ən müasir sialhı belə İranın nüvə obyektlərinə zərər vura bilməz. İsrailin nüvə obyektlərini zərərsizləşdirməsinin yeganə yolunun qurudan hərbi əməliyyatın keçirilməsi olduğu düşünülür.

ABŞ-nin bombalarına ehtiyac var
Böyük Britaniyanın "RUSI" analitik mərkəzinin Hərbi Elmlər üzrə direktoru Metyu Savil də düşünür ki, İsrail İranın nüvə proqramını məhv edə bilməz. O, hesab edir ki İsrail ən yaxşı halda bu proqramı bir neçə ilə ləngidə bilər. Savilə görə, İranın dağların altında yerləşən bu iki nüvə obyektinə yalnız ABŞ-nin istifadə edə biləcəyi nəhəng bombalar çata bilər.
Qeyd olunur ki, İsrailə İranın mühüm nüvə obyektlərinə çatması üçün ABŞ-nin 13 tonluq "GBU-57/B" bombası və bu bombanı çatdıra biləcək "B-2" gizli bombardmançı təyyarəsi lazımdır.
ABŞ Prezidenti Co Bayden İsrailə xəbərdarlıq edib ki, İranın nüvə obyektlərini hədəf almasın. ABŞ təyyarəsinin İranın nüvə obyektini ABŞ istehsalı bomba ilə vurması ABŞ-ni regionda müharibəyə cəlb edə bilər. Ona görə də hazırda ABŞ-nin belə bir əməliyyata icazə verməsi mümkün hesab edilmir.

Nüvə proqramını məhv etmək asan deyil
Keçmişdə İranın nüvə proqramını təftiş etmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş direktor müavini Olli Heynonen deyib ki, İranın nüvə proqramını məhv etmək asan olmayacaq.
"Bu, kəşfiyyat məlumatlarının keyfiyyətindən və İranın nüvə aktivlərini qorumaq üçün gördüyü tədbirlərdən asılı olacaq", - Heynonen açıqlamasında bildirib. O, həmçinin deyib ki, iranlıların nüvə bombası istehsal etmək üçün istifadə etdikləri gizli obyektləri ola bilər. O, bildirib ki, İranın nüvə proqramını tamamilə dağıtmaq çətin olacaq.
"AzPolitika.info"

Şərhlər