Menu

Şimali Koreyanın həmləsi, Qərbin qorxaqlığı – NATO Qoşunları Ukraynaya göndəriləcəkmi?

22.10.2024, 12:00
Şimali Koreyanın həmləsi, Qərbin qorxaqlığı – NATO Qoşunları Ukraynaya göndəriləcəkmi?

Xəbər verildiyi kimi, Şimali Koreya Rusiya ordusuna kömək üçün özünün 12 min əsgərini göndərir. Artıq bu barədə Cənubi Koreya kəşfiyyatı peyk görüntülərini də yayımlayıb. Bəzi mənbələr Şimali Koreya əsgərlərinin Kursk vilayətində döyüşlərə qatılacağını iddia edirlər.

İndi isə, xarici KİV-in məlumatına görə, Cənubi Koreya buna cavab olaraq, Ukraynaya hərbi yardım, eləcə də öz hərbi kəşfiyyatçılarını və ekspertlərini göndərməyi düşünür.

“AzPolitika” xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, Şimali Koreya əsgərlərinin Ukraynadakı müharibədə Rusiyaya qoşulması ilə bağlı xəbərlər Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergis nəşrə verdiyi şərhdə deyib ki, Avropa ölkələri Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifinə yenidən baxmalıdır: “Şimali Koreya əsgərlərinin iştirakı və ruslara sursat tədarükü ilə bağlı məlumatlar təsdiqlənərsə, Makronun təklif etdiyi ideyaların müzakirəsinə qayıtmalıyıq”.

Bu ideya fevralda irəli sürülüb, lakin sonra Almaniya kansleri Olaf Şolts Ukraynada Avropa və ya NATO qoşunlarının yerləşdirilməyəcəyinə söz verərək, bunu rədd edib. Qərb liderləri hələlik bu xəbərləri ehtiyatla şərh edirlər. NATO-nun Baş katibi Mark Rutte və ABŞ-nin müdafiə naziri Lloyd Ostin bu məlumatı hələlik təsdiqləməyib. Baxmayaraq ki, Ostin Şimali Koreya qoşunlarının mümkün yerləşdirilməsinin “narahatlıq doğurduğunu” bildirib.

Onu da qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov Şimali Koreyanın əsgər və hərbi sursatla Rusiyaya dəstək verdiyini dolayısı yolla təsdiqləyib. O deyib ki, Rusiya-Şimali Koreya hərbi əməkdaşlığı üçüncü ölkələri narahat etməli deyil. Lakin Qərb hələ ki, özünü bir növ “görməzliyə vurmaqda” davam edir və bu baş verənlərə ciddi hərbi reaksiya verməkdən yayınır.

Bəzi Avropa rəsmiləri hesab edirlər ki, Qərb öz hərəkətlərində çox ehtiyatlı davranır. Estoniya silahlı qüvvələrinin keçmiş komandanı və Avropa Parlamentinin üzvü Riho Terhas deyib ki, Qərb Şimali Koreya əsgərlərinin Rusiyaya daşınmasına dair kəşfiyyat məlumatlarındakı qeyri-müəyyənliyi bəhanə gətirərək öz fəaliyyətsizliyini və acizliyini ört-basdır edir. Onun sözlərinə görə, Şimali Koreya qoşunlarının Rusiya bölmələrinə inteqrasiyası döyüş əməliyyatlarına müəyyən təsir göstərə bilər. Eyni zamanda, Terhas hesab edir ki, Avropa Ukraynaya qoşun yeritmək imkanını ciddi şəkildə nəzərdən keçirməlidir.

Cənubi Koreya isə artıq Şimali Koreyanın Rusiyadakı hərbi hərəkətləri ilə bağlı kəşfiyyat məlumatlarını müzakirə etmək üçün NATO-nun qərargahına nümayəndə heyəti göndərməyi planlaşdırır. Bu o deməkdir ki, Cənubi Koreya NATO qarşısında konkret faktlar qoyacaq. Şimal Alyansının bundan sonra da hərəkətsizlik göstərməsi isə Qərbin Ukrayna siyasətinin riyakarlığını bir daha sübut etmiş olacaq.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2024-10-22 13:45:33

*Əski* Kremlin özəlcə, naməlum *QƏRB*ə təslim etdiyi ittifaqa adekvatını yaratma (Xarici) siyasəti *yeni* Kremli diplomat güzəştlər əvəzinə Hərbi təcavüzlərə sövq edib? Elə həmin təcavüzlərə qarşı missiya ilə *Qərb*, ya NATO keçmiş 33 ildə Ukraynaya, Moldovaya, Gürcüstana və digər respublikalara girə, genişlənə bilərdi? *Qərb* daim iqtisadi səmərəsini üstün tutur!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol