Rusiyada sanksiyalar səbəbindən mülki aviasiyanın vəziyyəti getdikcə daha da pisləşir.
“AzPolitika” xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Sankt-Peterburqdan Almatıya uçan "Rossiya” Hava Yollarına məxsus təyyarə yanacaq sızması təhlükəsi ilə əlaqədar Moskvanın Şeremetyevo hava limanına məcburi eniş edib.
Pulkovo hava limanından verilən məlumata görə, təyyarə yerli vaxtla saat 02:20-də havaya qalxıb. Uçuş “Airbus 319” təyyarəsi ilə həyata keçirilib. “Flightrafar24”-ün məlumatlarına görə, təyyarə Nijni Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb. Son 3 gün ərzində Rusiyada ikinci dəfədir ki, sərnişin təyyarəsi məcburi eniş edir. Oktyabrın 30-da Moskvadan Antalyaya uçan “Aeroflot” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi nasazlıq sensoru işə düşəndən sonra Şeremetyevo Beynəlxalq Hava Limanına qayıtmağa məcbur olub.
Sentyabrın əvvəlində isə Antalyadan Moskvaya uçan “Ural” Hava Yollarına məxsus “Airbus A321” təyyarəsinin hər iki avtopilotu 10 650 metr hündürlükdə sıradan çıxıb və eniş zamanı burun təkərinin idarə edilməsi nasaz vəziyyətdə olub. Buna baxmayaraq, təyyarə uğurla eniş edib.
Qeyd edilir ki, sanksiyalar səbəbindən xaricdə istehsal olunmuş bu təyyarələrə texniki xidmət göstərmək çətinləşib.
“AzPolitika.info”


Şərhlər