Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi İntiqam Əliyevə baş çəkiblər.
Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib.
Vəkilin sözlərinə görə, BQXK nümayəndələri İntiqam Əliyevlə görüşdə onun səhhəti, saxlanma şəraiti ilə maraqlanıblar və bəzi qeydlər götürüblər.
Fəxrəddin Mehdiyev özü də ayrıca İntiqam Əliyevlə görüşüb. Vəkilin dediyinə görə, İntiqam Əliyevin səhhətində ciddi problemlər var.
Fəxrəddin Mehdiyev İntiqam Əliyevin müdafiəsinə başqa vəkilin də qoşulduğunu söyləyib. Bu, vəkil Şəhla Hümbətovadır.
Avqustun 8-də tutulan və həmin vaxt barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən, daha sonra bu müddət daha 3 ay uzadılan İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.
İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

Şərhlər