[caption id="attachment_77750" align="alignleft" width="250"] Əfqan Məmmədov[/caption]
Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Sülh və Demokratiya İnstitutunun əməkdaşı, politoloq Arif Yunusa yeni vəkil tutulub.
Vəkil Əfqan Məmmədov “Media forum” saytına deyib ki, dekabrın 12-də A.Yunusun yaxınları ilə müqavilə bağlayıb: “Müqaviləni Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə təqdim etdim. Müstəntiqlə birlikdə MTN-in təcridxanasına getdik. Müstəntiq məni Arif bəyə təqdim etdi. O da mənim müdafiəyə qoşulmağımdan razı qaldı”.
Əfqan Məmmədov bildirib ki, Arif Yunusla söhbət edib, işin detalları ilə maraqlanıb: “Durumu normaldır, şikayəti yoxdur. Ona bir neçə dərman lazımdır, onların adını dedi, almağımı xahiş etdi. Əsas narahatlığı həyat yoldaşı Leyla Yunusdandır. Dedi ki, Leylanın səhhətində ciddi problemlər var, ondan nigaranam”.
Dekabrın 10-da Vəkillər Kollegiyası Arif Yunusun müdafiəçisi Xalid Bağırovu vəkillikdən uzaqlaşdırıb.
Arif Yunus avqustun 5-də tutulub. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da həbsdədir. Leyla Yunus iyulun 30-da həbs edilib. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Arif Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında, Leyla Yunus Bakı İstintaq Təcridxanasında saxlanılır.


Şərhlər