Bəşər Əsəd Suriyadan qaçmasından saatlar əvvəl Müdafiə Nazirliyinin təxminən 30 ordu və təhlükəsizlik rəsmiləri ilə görüşüb. İclasda o, Rusiyanın hərbi dəstəyinin yolda olduğunu bildirib və sahədəki qüvvələri müqavimət göstərməyə çağırıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" həmin iclasda iştirak edən və adının gizli saxlanmasını istəyən təhlükəsizlik rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, əslində Əsəd bu zaman öz qaçış planını hazırlayırmış. Bildirilir ki, Əsəd 24 illik hakimiyyətini davam etdirmək üçün xaricdən yardım istəyib, lakin bu yardım gəlməyincə heç kimə xəbər vermədən Suriyanı tərk edib.
Mənbələrin bildirdiyinə görə, Əsəd şənbə günü işini bitirdikdən sonra prezident aparatındakı köməkçisinə evə getdiyini desə də, birbaşa hava limanına gəlib. Yaxın çevrəsindən olan bir müşaviri Əsədin media üzrə müşaviri Buthaina Şabana zəng edərək onun evinə gəlib müəyyən sənədləri hazırlamasını istəyib. Lakin Şaban evə gələndə heç kimi tapa bilməyib.

Mənbələrin sözlərinə görə, Əsəd qaçış planı barədə Suriya ordusunun 4-cü elit zirehli diviziyasının komandiri, kiçik qardaşı Maherə belə məlumat verməyib. Maherin helikopterlə İraqa, oradan da Rusiyaya getdiyi bildirilir.
Məlumata görə, Əsədin əmisi oğulları İhab və İyad Maxlouf da onun qaçış planından xəbərdar olmayıblar. Suriyalı müşavir və Livan təhlükəsizlik rəsmisinin sözlərinə görə, hər iki şəxs avtomobillə Livana qaçmağa çalışıb, lakin yolda silahlı qrupların pusqusuna düşüb. İhab hadisə yerində ölüb, İyad isə yaralanıb.
Bəşər Əsəd bazar günü, dekabrın 8-də Dəməşqdən təyyarə ilə qaçıb. Əsəd əvvəlcə Rusiyanın Suriyadakı Hmeymim aviabazasına, oradan isə Moskvaya uçub. Üç keçmiş müşaviri və yüksək rütbəli regional məmurun sözlərinə görə, Əsədin həyat yoldaşı Əsma və üç övladı bu zaman artıq Moskvaya çatıblar. Üsyançılar tərəfindən Əsədin Dəməşqdəki evində çəkilmiş videolar prezident kompleksinin tələsik tərk edildiyini göstərir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bişmiş yeməklər və sobada qalan ailə fotoalbomları kimi şəxsi əşyalar əks olunub.

Bildirilib ki, Əsəd qaçmazdan əvvəl hakimiyyətini qorumaq və təhlükəsizliyini təmin etmək üçün bir çox yerlərdən kömək istəyib, lakin bu istəklər cavabsız qalıb.
Əsəd noyabrın 28-də Moskvaya səfər edib. Bu səfər qiyamçı qüvvələrin ölkənin şimalında Hələb şəhərinə hücumundan dərhal sonra baş tutub. Üç regional diplomatın sözlərinə görə, Əsədin Kremldən hərbi müdaxilə tələbləri yerinə yetirilməyib. Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü bildirib ki, Rusiya Suriyada sabitliyin bərqərar olması üçün böyük səylər göstərir, lakin hazırda onların prioriteti Ukraynadakı münaqişələrdir.
Dekabrın 4-də İranın xarici işlər naziri Abbas Araqçı Dəməşqdə Əsədlə görüşüb. İranlı diplomatın sözlərinə görə, Əsəd bu görüşdə ordusunun üsyançılara qarşı effektiv müqavimət göstərmək üçün çox zəif olduğunu etiraf edib. Lakin iki İran rəsmisinin sözlərinə görə, Əsəd İrandan qoşun tələb etməyib. Çünki o, belə bir müdaxilənin İsrailin İrana hücumu üçün bəhanə ola biləcəyini düşünürdü.
"AzPolitika.info"


Şərhlər
derd
Əsədin qaçışı ilə bağlı xəbərlər gəldikcə oxuyub, fikir bildirmeden keçmek olmur. Tarixdə çox belə hallar olub. Amma ən yeni tariximizdə Suriya prezidentnin yazdığı bu tarix, başqa bir tarix. Bu qaçışla Əsəd həm 61 illik böyük bir səltənətin acı çöküşünü səhnəyə qoymuş oldu, həm də dün onun üçün ölmək istəyənləri taleyin ümidiniə buraxıb qaçması oldu. Hətt ən yaxın qohumlarını, qardaşını, əmisi oğlanlarını belə. Day xalqa zülm etməklə, onun hakimiyyətinin ömrünü uzadan, insanları öz şirlərinə yediren məmurlarını da demirəm. İndi xalq, onları insan əti ilə bəslədikləri öz şirlərinə yeditəcək.