Menu

Rusiya Darfur missiyasından uzaqlaşdırılır

15.12.2014, 10:42
Rusiya Darfur missiyasından uzaqlaşdırılır

ABŞ, Britaniya və Fransa rus rəsmilərinin Sudanın Darfur regionundakı sülhməramlı missiyadan uzaqlaşdırılmasını tələb edirlər. BMT diplomatik mənbələri Rusiyanın buna etiraz etdiyini bildiriblər. Xəbəri “Reuters” yayıb.

BMT rəsmiləri bildiriblər ki, son aylarda hər 3 Qərb ölkəsi UNAMİD-in (Darfurda vəziyyəti stabilləşdirmək üçün BMT və Afrika İttifaqının 7 illik birgə missiyası) yararsız fəaliyyətindən BMT-nin sülhməramlı qüvvələrinin rəhbəri Herve Ladsousa şikayətləniblər. Bu ölkələr rus diplomatı Karen Tçalianın hələ də UNAMİD-in qərargah rəisi olmasından narazıdır. Hər 3 ölkə hesab edir ki, UNAMİD hökumətin Darfurda mülki şəxslərə və sülhməramlılara hücumu haqqında BMT qərargahı və təhlükəsizlik şurasına məlumatı düzgün çatdırılmır. BMT diplomatları bildiriblər ki, UNAMİD-in qərargah rəisi kimi Tçalianın vəzifəsi missiya ilə bağlı informasiya axınını təmin etməkdir.

Tçalian özü əleyhinə ittihamları müzakirə etməkdən imtina edib. O, Qərbin, eləcə də sabiq UNAMİD nümayəndələrinin şikayətləri, həmçinin Moskvadan dəstək alması ilə bağlı fikirlərdən xəbərsiz olduğunu deyib. “Bunların heç birindən xəbərim yoxdur”, - Tçalian elektron poçt vasitəsilə “Reuters” agentliyinə bildirib.

Rusiyanın BMT missiyasının nümayəndəsi Aleksey Zayçev Tçalianın Sudan fəaliyyəti ilə bağlı şikayətlərə münasibət bildirib. “Karen Tçalianın UNAMİD missiyasındakı fəaliyyətindəki şikayətdən xəbərimiz yoxdur. Tçalian BMT-də başqa vəzifəyə keçməyə hazırlaşır, Rusiya da buna razıdır”, - o deyib.

BMT diplomatları bildirirlər ki, 2003-cü ildən bəri Darfur missiyası ilə bağlı dəqiq məlumatın olmaması, vəziyyətin inkişafı ilə bağlı səhv təəssürat yaradıb və missiyanın effektivliyinə kölgə salıb.

Oktyabrda BMT də bildirmişdi ki, qəsdən edilməsə də, Sudan ordusunun mülki şəxslərə və sülhməramlılara qarşı hücumları haqda UNAMİD missiyası BMT qərargahına tam məlumat vermir. Bu cür hallarda hesabat verməmək və hərəkətsiz durmaq yolverilməzdir. BMT həmin bəyanatda konkret ad çəkməmişdi.

UNAMİD missiyasının nümayəndələri və Sudanın BMT missiyası məsələ ilə bağlı şərh verməyiblər. Xartum bildirmişdi ki, BMT missiyası ölkədən çıxıb getməlidir.

BMT-nin sülhməramlı əməliyyatlar üzrə departamenti də Tçalian əleyhinə ittihamlara şərh verməyib. “Heç bir halda mülki şəxslər və sülhməramlılara qarşı cinayətlər haqqında tam hesabat verilməməsinə, yaxud bunun cavabsız qalmasına səhlənkar yanaşmaq olmaz”, - Ladsous “Reuters” agentliyinə bildirib.

Missiyanın yarımçıq hesabatları və Darfurdakı zorakılıq faktlarının təhrif olunması ilə bağlı UNAMİD missiyasının sabiq nümayəndəsi Aişə Əl-bəsri məlumat verib. Missiyanın informasiya siyasətinə qarşı etirazlardan sonra ötən il istefa vermişdi. Əl-bəsrinin “Reuters” agentliyinə bildirdiyinə görə, Tçalian Darfurla bağlı hesabatları təhrif edib. Missiya ilə bağlı ictimai bəyanatlara, xüsusən Sudan hökumətinin mülki şəxsləri bombaladığı vaxtlarda press-relizlərin yayılmasına mane olub. Tçalian və rus diplomatları sadalanan xüsusi ittihamlarla bağlı şərh verməyiblər.

Xatırladaq ki, 2003-cü ildə hökuməti irqi ayrı-seçkilikdə ittiham edən Afrika tayfaları Xartumda ərəb hökumətinə qarşı mübarizəyə qoşulublar. Bununla əlaqədar 2007-ci ildən UNAMİD missiyası bölgədə fəaliyyətə başlayıb. BMT-nin hesabatına görə, Darfurda indiyədək 300 minə yaxın adam ölüb, 170-ə yaxın sülhməramlı qüvvə öldürülüb. /"eunews.az"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol