Tanınmış bəstəkar, professor, əməkdar incəsənət xadimi Mehriban Əhmədova 25 dekabr tarixində Bakı-Qroznı aviareysini yerinə yetirən zaman Rusiya tərəfindən vurulan AZAL təyyarəsinin qəhrəman ekipaj üzvlərinə həsr olunmuş mahnı bəstələyib.

"AzPolitika" xəbər verir ki, "Pilotlar" adlı həmin mahnıda pilotlar - Kşnyakin İqor və Kalyaninov Aleksandrın qəhrəmanlığından, eləcə də mərdliyi ilə onlardan heç də geri qalmayan stüardessa Hökümə Əliyevanın göstərdiyi şücaətdən bəhs edilir.

Məlumat üçün qeyd edək ki, Mehriban Fikrət qızı Əhmədova 24 fevral 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə təhsil almış və professor Cövdət Hacıyevin sinfini bitirmişdir. 1990-cı ildən etibarən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir və hazırda "Ənənəvi musiqi və müasir texnologiyalar" kafedrasının professorudur. 2011-ci ildə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.

Bəstəkarın yaradıcılığı müxtəlif janrları əhatə edir. O, "Vətənimin səhəri" hoboy və piano üçün pyes, "Bahar ovqatı" estrada-simfonik orkestr üçün kompozisiya, "Röya" və "Noktyurn" kamera orkestri üçün prelüdlər, simfonik süita və fortepiano üçün "Düşüncələr" caz pyesi kimi əsərlərin müəllifidir. Bundan əlavə, "Qızlar bulağı" süitası və müxtəlif uşaq mahnıları da onun yaradıcılığına daxildir. 

Onu da qeyd edək ki, Mehriban Əhmədova Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısıdır.

"AzPolitika.info"