“Bizə elə təhlükəsizlik təminatı verilməlidir ki…”
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukraynada müharibəyə son qoymaq üçün razılaşmanın əldə edilməsinə hələ çox var.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Londonda jurnalistlərin qarşısına çıxan V.Zelenski hələ atəşkəs istiqamətində heç bir addımın atılmadığını deyib: “Bu gün biz ilk addımlardan danışırıq və buna görə də onlar kağız üzərində olana qədər mən onlar haqqında ətraflı danışmaq istəməzdim. Müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunması hələ çox-çox uzaqdadır. Hələ bütün bu addımları heç kim başlatmayıb”.
Zelenskinin sözlərinə görə, “gələcəkdə görəcəyimiz sülh” ədalətli, dürüst və ən əsası davamlı olmalıdır. O qeyd edib ki, Ukrayanaya təhlükəsizlik zəmanəti verilməlidir və bu zəmanət sadəcə hərbi yardımla yox, “suda, quruda və havada hərbi mövcudluqla” özünü göstərməlidir.
Zelenski əlavə edib ki, bu gün hər hansı bir güzəştdən danışmaq yanlışdır. Onun dediyinə görə, Ukrayna tərəfdaşlarından və ABŞ-dən güzəştlərlə bağlı siqnallar eşidir: “Lakin hamı başa düşməlidir: Ukrayna heç vaxt Rusiya tərəfindən işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımayacaq. Bizim üçün bu, müvəqqəti işğal olacaq. Xalqımızın inamı Ukraynaya edilən dəstəkdən asılı olacaq. Ona görə də bu təhlükəsizlik təminatları elə olmalıdır ki, onlar Rusiyanın növbəti təcavüzlə gəlməsi ehtimalını 100% istisna etsin”.
Onun sözlətrinə görə, Ukraynanı dəstəkləyən və ya "vasitəçi" olmaq istəyən ölkələr başa düşürlər ki, əgər münaqişə Kiyevin doğru hesab etdiyi şəkildə bitməsə, "onda bu, sadəcə vaxt məsələsi olacaq ki, insanlar ədaləti bərpa etmək istəsinlər".
“AzPolitika.info”


Şərhlər