“Biz Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaqdır. Son aylar ərzində yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. İrandakı seçki prosesi bizi ruhlandırdı. Biz seçilmiş Prezident tərəfindən verilmiş mesajları alqışladıq. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla”.
“AzPolitika” xəbər verir ki, bunu Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilən beynəlxalq konfransda Britaniyalı ekspert Rik FonunPezeşkiyanın prezident seçilməsi fonunda İranla əlaqələrin perspektivləri barədə sualına cavab verərəkən deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın İranla olduqca geniş iqtisadi və nəqliyyat gündəliyi var: “Biz Orta Dəhliz haqqında danışdıq, ancaq Azərbaycan, həmçinin digər mühüm dəhliz – Şimal-Cənub dəhlizinin tərkib hissəsidir. Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu layihələrinin hamısı icra edilib. Sadəcə, yükdaşımaların həcminin artacağını nəzərə alaraq, biz hazırda dəmir yolumuzu müasirləşdiririk. Dəmir yolu xətləri mövcuddur, ancaq Cənubdan Şimala və əks istiqamətdə nəql ediləcək yükləri qəbul etmək üçün dəmir yolu genişləndirilməlidir.Enerji infrastrukturu və elektrik xətləri ilə bağlı məsələlər həll olunub. Biz İrana elektrik enerjisi ixrac edirik. Həmçinin regionda çoxtərəfli əməkdaşlıq üzərində də çalışırıq”.
İlham Əliyev vurğulayıb ki, səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik: “Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır. 40 dəqiqə ərzində həmin terrorçu səfirliyin binasına daxil olmağa çalışmış, nəticədə buna nail olmuşdur və ona silahsız təhlükəsizlik zabiti müqavimət göstərmişdir. Bu vaxta qədər o, artıq bir nəfəri qətlə yetirməyi, digər iki nəfəri isə ağır yaralamağı bacarmışdır. Həmin 40 dəqiqə ərzində şəhərin mərkəzində polis olmayıb. Təsəvvür edirsinizmi? Bunu təsəvvür etmək çətindir. Terrorçu isə “Kalaşnikov” avtomatı, çəkic və “Molotov kokteyli” ilə silahlanmışdı. Bizim küçədə və daxildə olan təhlükəsizlik kameraları bunun hamısını qeydə alıb. Səfirliyimizi qorumalı olan polis nəfəri isə hadisə yerindən qaçıb. Bəlkə bunu qorxusundan edib, ancaq o, qonşuluqda yerləşən polis bölməsinə niyə xəbər verməyib ki, səfirlik terror hücumuna məruz qalıb? Mən İrandan olan qonaqlara sual verdim – mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçmişdi və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib. Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi. Artıq iki il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki yox. Bu, bizim münasibətlərə kölgə salır”.
Prezident ümid etdiyini bildirib ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək.
“Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”, - ölkə başçısı vurğulayıb.
“AzPolitika.info”


Şərhlər