“Azərbaycanda 2024-cü ildə 8 yeni “Rolls-Royce” satılıb. Satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub. Bu maşınların qiyməti 1 mln. 200 min manatdır. Ölkədə 1 nəfər də olsun rəsmi milyonçu yoxdursa, bu qiymətə avtomobili kimlər alır?”
“AzPolitika” xəbər verir ki, bu barədə REAL Partiyasının sədri Natiq Cəfərli “Facebook”-dakı paylaşımında bəhs edib.
Onun sözlərinə görə, Azərbaycanda 2024-cü ilə 1 mln. 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır: “Ölkədə ən çox, 220 242 ədəd “Mersedes” markalı maşın var. Amma, “sovet-Rusiya” istehsallı avtomobillərin tamamının sayı (“VAZ”, “LADA”, “QAZ”, “UAZ”, “Moskviç” və s.) 296 261 ədəddir. Son 1 ildə, yəni 2023-cü il ilə müqaisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – “Changan” 1 ilə 4086 ədəd (84%), “BYD” 1 ilə 3072 ədəd (303%) artıb”.

Onun sözlərinə görə, 2023-cü ildə ölkədə 66 “Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə sayı 74-ə çatıb. “8 yeni “Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 mln. 200 min manatdır”, - o əlavə edib.
N.Cəfərlinin sözlərinə görə, “Rolls-Royce”-dən başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd “Jaguar”, 15 ədəd “Bentley” və s.
“Məmləkətdə 1 nəfər də olsun rəsmi milyonçu yoxdursa, büdcəyə ən çox vergi verən insanları tanımırıqsa, bəs 1 mln. 200 minə “Rolls-Royce Ghost” avtomobilini, və ya 500 minə qədər qiyməti olan “Bentley”-i kim alır?! Bəlkə ölkə öz “qəhrəmanlarını” tanısa yaxşı olar? Bu avtomobilləri fərdlərmi alıb, yoxsa dövlət-hökumət idarələri büdcə pulunumu bu maşınlara xərcləyib?!”
İqtisadçı “Rəsmi qurumlar deyir ki, Bakıda tıxacın çox olmasına səbəb avtomobilərin sayının çox olmasıdır. Halbuki, Azərbaycanda, Gürcüstana nisbətən hər 1000 nəfərə 2 dəfə daha az maşın düşür. Deməli, tıxacların səbəbi yol infrastrukturunun çatışmamazlığı, doğru idarəetmənin olmaması və ictimai nəqliyyatın bərbad vəziyyətidir”, - deyə vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
Bu yarımçıq araşdırma komə və nəyə gərəkdir?Guya bu 1 200 000 manatlıq avtomobillərin hansı idarə və ya şəxslərə aid olması məlum deyil? Qorxursunuzsa heç məsələyə toxunmayın.Toxunursunuzsa onda konkret olun.İkinci tərəfdə tıxaclarınsəbəbini infrastrukturda görürsünüz.Bu doğru! Bəs hansı qurum infrastrukturu bu hala salıb və düzəlməsi üçün yatır? Bax bunları açıqlamış olsatdınız yazınızın mənası və mahiyyəti olardı.Amma bu yazı mücərrəd olduğundan mənasızdır.