İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.
"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
Qeyd edək ki, partlayış nəticəsində xəsarət alanların sayı 700 nəfəri ötüb.
***
İranın cənubundakı Bəndər Abbas şəhəri yaxınlığındakı Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində 516 nəfər xəsarət alıb.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Partlayış yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 13:00) baş verib və Fars körfəzindəki Qeşm ada şəhərində eşidilib. Tasnim Xəbər Agentliyi hadisənin mümkün səbəbinin yanacaq çəninin partlaması olduğunu bildirib. Limanın fəaliyyəti dayandırılıb.


***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.
“Report”un "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.
Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.
Partlayışın səbəbi araşdırılır.


Şərhlər