Üçüncü Dünya Müharibəsi şayiələri və artan geosiyasi gərginliklər fonunda ölkələrin qlobal hərbi xərcləri 9,4% artaraq 2 trilyon 718 milyard dollara çatıb.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü ilə dair qlobal hərbi xərclər hesabatında qeyd olunub.
Hesabatda Avropa və Orta Şərqdəki kəskin artımların bu yüksəlişdə əsas rol oynadığı vurğulanıb. Qeyd olunur ki, qlobal hərbi xərclər 10 ildir ardıcıl şəkildə artmaqdadır və ötən il Soyuq Müharibənin bitməsindən bəri ən böyük illik artım qeydə alınıb. Qlobal adambaşına düşən hərbi xərcin 334 dollara çataraq 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı bildirilib.
Xüsusilə Avropa və Orta Şərqdə ciddi artımların qeydə alındığı qeyd olunub. Malta istisna olmaqla, bütün Avropa ölkələrinin hərbi xərclərini artırdığı, Ukrayna müharibəsi və ABŞ-nin NATO-ya sadiqliyinə dair yaranan şübhələrin Avropada (o cümlədən Rusiyada) hərbi xərcləri 17% artırdığı bildirilib.

2024-cü ildə ən çox hərbi xərcləmə edən 5 ölkə ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan olub. Hesabatda bildirilib ki, ABŞ-nin hərbi xərcləri 2024-cü ildə əvvəlki ilə görə 5,7% artaraq 997 milyard dollara çatıb. 2015-2024-cü illər arasında ABŞ-nin hərbi xərclərinin 19% artdığı qeyd edilib.
Avropadakı NATO üzvü ölkələrinin də əksəriyyəti ötən il hərbi xərclərini artırıb və onların NATO daxilindəki ümumi payı son 11 ilin ən yüksək səviyyəsi olan 30%-ə yüksəlib. Hesabatda qeyd olunub:“2024-cü ildə üçüncü ilinə girən Rusiya-Ukrayna müharibəsi hərbi xərclərin artmasına davam edərək Avropada Soyuq Müharibə dövrünün sonunda qeydə alınan səviyyələri keçib”.

Çinin hərbi xərclərinin 2015-2024-cü illər arasında 59% artdığı, ötən il də 7% artaraq 314 milyard dollara çatdığı təxmin edilib. Hindistanın hərbi xərclərinin isə ötən il 1,6% artaraq 86,1 milyard dollara çatdığı, 2015-2024-cü illər arasında isə 42% artdığı bildirilib.
Hesabatda qeyd olunub ki, Almaniya ötən il 88,5 milyard dollarlıq hərbi xərclə dünyada ən çox hərbi xərc edən ölkələr arasında 4-cü yerə yüksəlib və ilk dəfə Hindistanı geridə qoyub. Almaniyanın hərbi xərcləri ötən il 28%, 2015-2024-cü illər arasında isə 89% artıb.

Rusiyanın 2024-cü ildə hərbi xərcləri əvvəlki illə müqayisədə 38% artaraq 149 milyard dollara çatıb. Bu məbləğin Rusiyanın ÜDM-nin 7,1%-nə bərabər olduğu təxmin edilir.
Müharibə vəziyyətində olan Ukraynanın hərbi xərcləri ötən il 2,9% artaraq 64,7 milyard dollara çatıb. Davam edən müharibənin Ukrayna iqtisadiyyatına vurduğu ziyan nəticəsində bu məbləğ ölkənin 2024-cü il ÜDM-nin 34%-nə bərabər olub.

Hesabatda Türkiyənin 2015-2024-cü illər arasında hərbi xərclərini 110% artırdığı qeyd olunub. 2024-cü ildə Türkiyənin hərbi xərcləri əvvəlki illə müqayisədə 12% artaraq 25 milyard dollara çatıb.
Qəzzada hücumlarını davam etdirən İsrailin hərbi xərcləri isə ötən il 65% artaraq 46,5 milyard dollara çatıb. “SIPRI” bu artımı 1967-ci ildəki altı günlük müharibədən bəri ən yüksək illik artım olaraq qiymətləndirib.
İranın hərbi xərcləri isə ötən il 10% azalaraq 7,9 milyard dollara enib. Hesabatda İrana qarşı tətbiq olunan sanksiyaların onun hərbi xərclərini artırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırdığı bildirilib.
Böyük Britaniyanın da hərbi xərcləri ötən il 2,8% artaraq 81,8 milyard dollara, Fransanın hərbi xərcləri isə 6,1% artaraq 64,7 milyard dollara yüksəlib. Səudiyyə Ərəbistanı isə 80,3 milyard dollarlıq hərbi xərclə 2024-cü ildə həm Orta Şərqin ən böyük, həm də dünyanın yeddinci ən böyük hərbi xərcləyən ölkəsi olub.
“AzPolitika.info”

Şərhlər