Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə aid yeni videogörüntülər ortaya çıxıb.
1927-ci ildə İstanbulda bir fotoqraf tərəfindən çəkildiyi düşünülən bu fotolar və həmin ana aid video, 1950-ci illərdə Atatürk üçün hazırlanan bir sənədli filmindən tapılıb.
Arxivçi Ali Taner Tümer bu nadir görüntüləri araşdırmalar nəticəsində tapdığını bildirib. Onun sözlərinə görə Atatürk 1 iyul 1927-ci ildə İstanbulda olarkən bir fotoqraf studiyasında şəkil çəkdirib və həmin anlar həm foto, həm də video olaraq qeydə alınıb. Tümer görüntülərin daha uzun versiyasının mövcud ola biləcəyini və bu materialların əvvəlcə düzgün tarix və məlumatla paylaşılmadığını qeyd edib.
Görüntülərin Atatürkün prezidentliyinin üçüncü ilində, 46 yaşında olduğu dövrə aid olduğu bildirilib. Ali Taner Tümer həmin fotolardan birinin 1927-ci ilin iyulunda Servet-i Fünun jurnalının üz qabığında yer aldığını və Sovetlər Birliyinin səfiri Suriçə hədiyyə edildiyini bildirib. Başqa bir foto isə Atatürk-ün yaxın dostu Nuri Conkerə imzalayaraq verdiyi və bir kolleksionerin arxivində tapıldığı məlum olub.
Ali Taner Tümer bu tip yeni görüntülərin başqa kolleksionerlərin arxivlərində ola biləcəyini, lakin onların gün işığına çıxmasının çətin olduğunu da vurğulayıb.
Qeyd edək ki, 19 May Türkiyədə Atatürkü anma, Gənclik və İdman bayramı günü kimi qeyd olunur. 19 May həm də Türkiyə Respublikasının qurulmasına gedən yolda ilk addım və Türk millətinin müstəqillik üçün məşəl atəşləndirdiyi tarixin 102-ci ildönümüdür.
“AzPolitika.info”

Şərhlər