Slovakiyada yerləşən “Klein Vision” şirkətinin hazırladığı uçan avtomobil “AirCar”-ın 2026-cı ilin əvvəlində 1 milyon dollara satışa çıxarılması planlaşdırılır.
“AzPolitika” xəbər verir ki, adi benzinlə işləyən və iki nəfərlik tutuma malik “AirCar”, 18.000 fut (təxminən 5500 metr) yüksəklikdə saatda 250 km sürətlə uça bilir. Artıq 500-dən çox uğurlu qalxma və enmə sınaqları həyata keçirən cihaz Slovakiyada sərnişin daşıma sertifikatı da alıb.
“AirCar”-ın ilk sınaq yolçusu isə məşhur fransız elektron musiqiçisi Cen Miçel Carre olub. Carre bu təcrübəni “sanki Yules Verne romanına daxil olmaq kimidir” sözləri ilə izah edib və texnologiyanın gəldiyi nöqtəni heyrətamiz adlandırıb.
Qeyd olunur ki, “Klein Vision” şirkəti 2025-ci ilin sentyabrında AirCar modelinin təkmilləşdirilmiş versiyası olan “AirCar 2” ilə ilk sınaq uçuşunu reallaşdırmağı planlaşdırır. Yeni model daha geniş salon və artırılmış uçuş məsafəsi ilə təqdim olunacaq.
Hazırda “AirCar” yalnız Slovakiyada sertifikat alıb. Beynəlxalq uçuşlara başlaması üçün isə xüsusilə Böyük Britaniya başda olmaqla bir çox ölkədə hüquqi tənzimləmələr gözlənilir. Britaniya hökuməti 2026-cı ilə qədər uçan taksilər üçün 20 milyon funt sterlinq dəyərində inkişaf fondu ayırıb.
“Morgan Stanley”-in hesablamalarına görə, qlobal uçan avtomobil bazarının dəyəri 2040-cı ildə 1 trilyon dollar, 2050-ci ildə isə 9 trilyon dollara çata bilər.
“AzPolitika.info”

Şərhlər