2001-ci il 11 sentyabr terror hücumlarının əsas təşkilatçısı sayılan “Əl-Qaidə” lideri Usamə bin Ladinin 2011-ci ildə öldürüldüyü xüsusi əməliyyatda iştirak edən və onu şəxsən öldürdüyünü iddia edən ABŞ xüsusi təyinatlı qüvvələrinin sabiq üzvü Robert Neill illər sonra bu əməliyyatdan nə qədər qazanc əldə etdiyini ilk dəfə açıqlayıb.

Keçmiş əsgər bu açıqlamanı ABŞ-də yayımlanan “Ticarət Sirləri” adlı podkast proqramında verib.

Podkastın aparıcısı Ceyson Tartikin “Əməliyyata gedəndə cibində nə qədər pul var idi?” sualını cavablandıran Neill bildirib:“Sadəcə maaşımla dolanırdım. İki həftədə bir təxminən 2 min 500 dollar alırdım. Mən də, mənimlə birlikdə əməliyyata qatılan əsgərlər də sıradan insanlar idik”.

Neill həmçinin Somali dəniz quldurlarının əlindən kaptan Riçard Phillipsin azad olunması əməliyyatında da iştirak etdiyini, lakin belə riskli tapşırıqlara baxmayaraq maddi vəziyyətlərinin yaxşı olmadığını deyib:“Kaptanı xilas etdik, amma yenə də pulsuz idik. Bu adamlar evin krediti ödəyə bilmir, amma çağırış gəldikdə dərhal əməliyyata gedirlər”.

Robert Neillin fəaliyyəti bu yaxınlarda “Netflix” platformasında yayımlanan “ABŞ-nin insan ovları” adlı sənədli filmdə də əks olunub. Film 11 sentyabr hücumlarından sonra Bin Ladinin izinə düşülməsi və nəhayət 2011-ci ilin mayında Pakistanın Abbottabad şəhərində keçirilən “Neptun mızrağı əməliyyatı” ilə bağlı detalları əhatə edir.

Əməliyyat zamanı Bin Ladin başından və sinəsindən vurularaq öldürülüb, cəsədi isə ABŞ ordusu tərəfindən dənizə atılıb.

ABŞ hökuməti hələ də onun kim tərəfindən öldürüldüyünü açıqlamayıb

Robert Neill bin Ladin-i şəxsən öldürdüyünü iddia etsə də, əməliyyatda iştirak edən digər xüsusi təyinatlı əsgər Matt Bissonnette də eyni iddianı irəli sürüb.

Beynəlxalq miqyasda rezonans doğuran bu əməliyyatın iştirakçısı olan əsgərlərin riskli hərbi tapşırıqlara baxmayaraq sadə həyat sürdükləri, yüksək məvacib və ya xüsusi mükafatlar almadıqları bu açıqlama ilə bir daha gündəmə gəlib.

“AzPolitika.info”