Almaniyanın yeni kansleri Fridrix Merts Ukraynada atəşkəsə nail olmaq üçün səylərin hələ ilkin mərhələdə olduğunu düşünür.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Mertsin fikrincə, müharibəyə son qoymaq üçün danışıqlar bir neçə ay uzana bilər.

Litvada Almaniyanın yeni daimi briqadasının açılışında iştirak edən Merts deyib: "Bizim heç bir illüziyamız yoxdur. Problemin tez həlli yoxdur. Bu proses yeni başlayıb və daha çox həftələr, bəlkə də aylar çəkə bilər".

Almaniya kansleri Berlinin Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini təsdiqləyib. 

O vurğulayıb ki, Almaniya hökuməti fəal şəkildə müharibənin diplomatik yolla həllini axtarır: "Biz burada diplomatik həllə nail olmaq üçün həqiqətən də düşünülə bilən heç bir fürsəti əldən vermirik. Amma bilirik ki, qısa müddətdə buna nail ola bilməyəcəyik".

Bundan əlavə, Almaniya kansleri Qərbin birliyinin vacibliyinə diqqət çəkib: "Bizim birlikdə irəliləməyə davam etməyimiz həm də Amerikanın maraqlarına uyğundur".

“AzPolitika.info”