Çin dünyanın ən böyük amfibiya təyyarəsi” AG600”-ün seriyalı istehsalına start verir
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Çin Mülki Aviasiya Administrasiyası “AG600” təyyarəsinin istehsal sertifikatını təsdiqləyib. Bu, təyyarənin kommersiya bazarına çıxışının qarşısındakı əsas maneələri aradan qaldırır.
Məlumata görə, “AG600” aşağı hündürlükdə və sürətlə uçmaq, meşə yanğınlarını söndürmək və dəniz üzərində xilasetmə əməliyyatları aparmaq kimi sahələrdə yüksək imkanlara malikdir.
Bu amfibiya təyyarəsi ilk uçuşunu 2017-ci ildə həyata keçirib.
“AG600” ölçülərinə görə “Boeing 737” ilə müqayisə oluna bilər. Təyyarənin uzunluğu təxminən 37 metr, qanad açımı isə 39 metr təşkil edir. Maksimal sürəti 560 km/saat, uçuş məsafəsi isə 4500 kilometrdir.
Dörd turbo-prop mühərriklə təchiz olunan “AG600” dənizdə xilasetmə əməliyyatlarında 50 nəfəri daşımaq gücünə malikdir. Eyni zamanda təyyarə cəmi 20 saniyə ərzində 12 ton suyu götürə bilər ki, bu da onu yanğınsöndürmə əməliyyatlarında effektiv edir.
Uçuş və texniki göstəricilər baxımından Çin “AG600” təyyarəsi, uzun müddət unikal hesab edilən Rusiya istehsalı “Be-200” amfibiya təyyarəsini geridə qoyur. “AG600” həm maksimal qalxma çəkisi, həm də uçuş məsafəsinə görə “Be-200”-dən üstündür.
Qeyd edək ki, Rusiyada “Be-200” təyyarəsinin istehsalı çox məhdud miqyasda aparılıb – 2024-cü ilə qədər cəmi 20 ədəd “Be-200” istehsal olunub.
“AzPolitika.info”

Şərhlər