Xəbər verdiyimiz kimi, iyunun 25-də Ermənistanda “Müqəddəs Mübarizə” adlı hərəkatın üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilib. Ermənistanın İstintaq Komitəsi və Dövlət Mühafizə Xidmətinin məlumatına görə, hərəkatın rəhbərləri və üzvləri “terrorçuluq və hakimiyyətin zorla ələ keçirilməsi” ittihamı ilə saxlanılıblar.

İstintaq Komitəsinin saat 15:00-da yaydığı məlumata əsasən, 14 nəfər saxlanılıb, 16 nəfər barəsində ictimai cinayət təqibi başlanıb. Bildirilir ki, dövlət çevrilişi və terror aktlarının hazırlanması ilə bağlı istintaq çərçivəsində 90-dan çox axtarış aparılıb.

Axtarışlar zamanı istintaqın məlumatına əsasən, silah-sursat, partlayıcı maddələr, hərbi geyimlər, dronlar, rabitə vasitələri, tüstü və partlayıcı maddələr, narkotik tərkibli bitkilər, təxribat planları, toplanmış adamların və çevrilişdən sonra yeni vəzifələrə təyin ediləcək şəxslərin siyahıları aşkarlanıb.

Saat 13:52-də yayılan başqa bir açıqlamada bildirilir ki, əldə olunan səs yazıları hərəkat üzvlərinin qanunsuz fəaliyyətlərini sübut edir. Bu yazıların gizli istintaq hərəkətləri nəticəsində əldə edildiyi qeyd olunub.

15:04-də İstintaq Komitəsinin binası qarşısına xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib. 15:30-da Dövlət Mühafizə Xidmətinin rəhbəri Gevorq Azizyan saxlanılanların təcridxanaya aparıldığını açıqlayıb.

Əməliyyatdan sonra binanın qarşısına toplaşan vətəndaşlar əlavə hərbi qüvvələrin əraziyə gətirilməsinə etiraz ediblər.

Hadisə Ermənistan cəmiyyətində rezonans doğurub. Vəkil Ruben Melikyanın sözlərinə görə, səs yazıları ilə hələ tanış deyil. Hüquq müdafiəçiləri və müxalifət bu əməliyyatı siyasi motivli repressiya kimi dəyərləndirə bilərlər.

***

Ermənistanda terrorun və hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.

“AzPolitika” xəbər verir ki, Erməmnistan İstintaq Komitəsi belə bir bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdaşları ölkədə hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlayıb: “2024-cü ilin noyabr ayından arxiyepiskop Baqrat Ermənistan Respublikasının Konstitusiyası ilə icazə verilməyən şəkildə hakimiyyət dəyişikliyinə nail olmağı qarşısına məqsəd qoyub və bu məqsədə çatmaq üçün bir sıra hərəkat iştirakçılarının əvvəlcədən razılığı ilə terror aktları törətmək və hakimiyyəti ələ keçirmək üçün lazımi vasitələr və alətlər əldə edib”.

Hərəkatın Telegram kanalında yaydığı mesajda isə deyilir ki, Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarından etibarən “Müqəddəs Mübarizə” üzvlərinin və tərəfdarlarının evlərində axtarışlar aparır. O cümlədən keşiş Baqrat Qalstanyanın evində də axtarış gedir.

Məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan da paylaşım edib. O, hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını aldığını deyib: “Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal oliqarx ruhanilərin Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək məqsədilə həyata keçirdiyi irimiqyaslı və bədnam planın qarşısını alıblar”.

Qeyd edək ki, bundan öncə hakimiyyəti güc yolu ilə devirəcəyinə eyham vuran erməni milyarder Samvel Karapetyan da həbs olunub. Eyni aqibəti keşiş Baqratın da yaşayacağı gözlənilir.

Son məlumatlara görə, qatı millətçi Daşnaksütyun partiyasında da axtarışlar və həbslər gedir. Partiyanın Ali orqanının üzvü İqor Sarkisyanın, Abovyan komitəsinin üzvü Vardan Avakyanın, eləcə də Noyemberyan və digər şəhər təşkilatlarının üzvlərinin həbs edildiyi bildirilir.

Qeyd olunur ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir sıra müxalifətçilərin evlərində axtarışlara başlayıb. Daşnaksütyunun Ali orqanının nümayəndəsi İşxan Saqatelyanın verdiyi məlumata görə, hüquq-mühafizə orqanları “Ermənistan” müxalifət fraksiyasının üzvü, deputat Artur Sarkisyanın evində axtarış aparmağa gəlib.

“AzPolitika.info”