Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı irəli sürülən təklif ölkənin beynəlxalq diplomatik mövqeyi və regional proseslərdə artan rolu baxımından diqqət çəkir. 57 dövlətin təmsil olunduğu təşkilata rəhbərlik etmək Bakıya Avropa məkanında diplomatik fəallığını artırmaq, regional təhlükəsizlik məsələlərini gündəmə gətirmək və fərqli geosiyasi qütblər arasında dialoqa töhfə vermək imkanı yarada bilər. Xüsusilə, Rusiya ilə Qərb arasında münasibətlərin gərgin olduğu bir dövrdə Azərbaycanın mümkün vasitəçilik rolu da müzakirə mövzusuna çevrilir.
Bəs ATƏT-ə sədrlik Azərbaycana hansı siyasi və geosiyasi dividendləri qazandıra bilər? Bakının bu imkandan beynəlxalq nüfuzunu gücləndirmək və regional maraqlarını irəli aparmaq üçün necə yararlanması mümkündür?
Mövzunu "AzPolitika"ya şərh edən politoloq Elşən Manafov bildirib ki, Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı irəli sürülən təklif ölkəmizin beynəlxalq nüfuzunun, diplomatik imkanlarının genişliyinin, eləcə də regional proseslərə təsir gücünün artmasının göstəricisi kimi qiymətləndirilə bilər:
"ATƏT-in hazırkı sədrinin səlahiyyət müddəti bu ilin dekabrında başa çatır. Bu baxımdan təşkilat daxilində 2027–2029-cu illərdə ona sədrlik edə biləcək dövlətlərlə bağlı hazırda ciddi müzakirələr aparılır. Rəsmi Bakının bununla bağlı təklifinin ATƏT Nazirlər Şurasının toplantısında qəbul olunması ehtimalı ölkəmiz üçün geosiyasi mürəkkəbliyi ilə səciyyələnən müasir dünyada, xüsusilə də Avropa məkanında yeni diplomatik imkanlar yaradacaq. Təşkilata sədrlik edən tərəf kimi Azərbaycan 57 dövlətin təmsil olunduğu bu qurumun gündəliyinə daxil ediləcək məsələlərin müəyyənləşdirilməsində, eləcə də qəbul olunan qərarların icrasına nəzarət prosesində daha fəal rol oynamaq imkanı qazanar. Rəsmi Bakının Qoşulmama Hərəkatına uzun müddət sədrlik etməsi, COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi zamanı qazandığı təcrübə və formalaşdırdığı siyasi etimad ATƏT kimi nüfuzlu təşkilatın fəaliyyətinə rəhbərlik baxımından da mühüm üstünlük hesab oluna bilər. Bu, Azərbaycana təşkilatın diqqətini regional təhlükəsizlik problemlərinin həllinə yönəltmək, regiondan keçən nəqliyyat-kommunikasiya xətlərinin bərpası və genişləndirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləmək, həmçinin ATƏT-ə üzv dövlətlərin iştirakı ilə regiona yeni investisiyaların cəlb olunmasına şərait yaratmaq imkanı qazandırar. ATƏT-ə ikiillik sədrlik geosiyasi qütbləşmənin dərinləşdiyi bir dövrdə rəsmi Bakının hazırda fərqli siyasi qütblərdə təmsil olunan Avropa İttifaqı və Rusiya arasında dialoqa töhfə vermək imkanlarını da genişləndirə bilər. Azərbaycan uzun illər balanslaşdırılmış xarici siyasət yürütməklə hər iki tərəflə münasibətlərində müəyyən siyasi etimad və əməkdaşlıq təcrübəsi formalaşdırıb. Bu baxımdan, Ukrayna müharibəsi ilə bağlı tərəflər arasında mövcud olan siyasi gərginliyin azaldılmasında rəsmi Bakının mümkün vasitəçilik təşəbbüsləri diqqət çəkə bilər. Belə bir vasitəçilik missiyasının uğurlu nəticələnməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində yeni mərhələnin başlanğıcı olar".
Politoloqun sözlərinə görə, Azərbaycanın ATƏT-lə münasibətlərində Minsk Qrupu ayrıca mərhələ təşkil edib:
"Uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda vasitəçi kimi çıxış edən bu qurumun fəaliyyəti gözlənilən nəticəni vermədi. Danışıqların uğursuzluğunda Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, Minsk Qrupunun həmsədr dövlətlərinin ikili standartlara əsaslanan yanaşmaları da mühüm rol oynadı. Azərbaycanın maraqlarının lazımi səviyyədə nəzərə alınmaması, eləcə də münaqişənin həllinə münasibətdə nümayiş etdirilən selektiv yanaşma ölkəmizdə ATƏT-in vasitəçilik missiyasına ciddi etimadsızlıq formalaşdırdı. Bu baxımdan, Azərbaycanın təşkilata sədrlik edəcəyi təqdirdə onun strukturunda və fəaliyyət mexanizmlərində islahatların aparılması ilə bağlı təşəbbüslərlə çıxış etməsi də istisna olunmur. Bütün bunlarla yanaşı, ATƏT-ə sədrlik müəyyən diplomatik risklər də vəd edir. Belə ki, 57 dövlətin təmsil olunduğu təşkilatda qərarlar konsensus əsasında qəbul edilir. Bu isə maraqların toqquşduğu şəraitdə rəsmi Bakıdan xüsusi diplomatik məharət, çevik yanaşma və kompromis imkanlarını düzgün qiymətləndirmək bacarığı tələb edəcək. Eyni zamanda, təşkilat daxilində insan hüquqları ilə bağlı məsələlərə görə Azərbaycanı tənqid edən bəzi institutların sədrlik dövründə ölkəmizə qarşı təzyiqləri artırmağa çalışması da mümkündür.
Belə tənqid və təzyiqlər qarşısında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol, eləcə də enerji tərəfdaşlığı çərçivəsində formalaşmış qarşılıqlı maraqlar Bakının diplomatik mövqeyini gücləndirən amillərdən biri kimi çıxış edə bilər".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər