Azər Rəşidoğlu
Batumda “Beşiktaş”ın iştirakı ilə keçirilən futbol qarşılaşması zamanı baş verən insident idman meydanlarının siyasi və ictimai proseslərdən nə dərəcədə təsirləndiyini yenidən gündəmə gətirdi. Tribunada nümayiş etdirilən siyasi simvollar, polis müdaxiləsi, azarkeşlərin biber qazından təsirlənməsi və oyunun müvəqqəti dayandırılması hadisəni sıradan futbol qarşılaşması çərçivəsindən çıxardı. Stadionda yaşananlar idman tədbirlərində siyasi ifadə azadlığının sərhədləri, təhlükəsizlik tədbirlərinin zəruriliyi və futbolun ictimai-siyasi proseslərdəki rolu ətrafında müzakirələrə səbəb oldu.
Bu insident bir daha göstərdi ki, futbol meydanı yalnız idman rəqabətinin aparıldığı məkan deyil. Beynəlxalq siyasi gərginliklər, tarixi ziddiyyətlər və ictimai etirazlar da bəzən tribunaların gündəminə daşınır. Belə məqamlarda futbolun siyasətdən kənarda qalmasının mümkünlüyü, yoxsa onun qaçılmaz şəkildə siyasi proseslərin təsirinə məruz qalması məsələsi aktuallaşır.
Əslində, futbol azarkeşi tribunaya yalnız komandasının formasını geyinib gəlmir. O, özü ilə yaşadığı ölkənin problemlərini, tarixi yaddaşını, siyasi baxışlarını da gətirir. Meydanın ölçüsü standartdır, qaydalar hamı üçün eynidir. Amma tribunadakı insanların dünyası heç də belə sadə deyil.
Futbolun siyasətlə münasibətini anlamaq üçün 1969-cu ildə Honduras və Salvador arasında baş verənləri xatırlamaq kifayətdir. İki ölkənin milli komandaları dünya çempionatının seçmə mərhələsində üç dəfə qarşılaşdı. İyulun 14-də isə dövlətlər arasında müharibə başladı. Cəmi 100 saat davam edən silahlı qarşıdurma tarixə «Futbol müharibəsi» adı ilə düşdü.
Ancaq müharibənin səbəbi futbol deyildi. Torpaq mübahisələri, miqrasiya, iqtisadi problemlər və siyasi gərginlik illərdir iki ölkənin münasibətlərini korlayırdı. Futbol sadəcə mövcud qarşıdurmanın emosional partlayış nöqtəsinə çevrildi. Bəzən stadionda baş verənlər cəmiyyətin daxilində çoxdan yığılıb qalmış narazılıqları üzə çıxarır.
Balkanlarda da futbol meydanı siyasi tarixin səhnəsinə çevrilmişdi. 1990-cı il mayın 13-də Zaqrebdə “Dinamo” ilə Belqradın “Srvena Zvezda” komandalarının oyunu kütləvi toqquşmalarla yadda qaldı. “Dinamo”nun futbolçusu Zvonimir Bobanın polis əməkdaşına təpik vurması sonradan Xorvatiyada müqavimətin simvollarından biri kimi qəbul edildi. Yuqoslaviya artıq siyasi böhran yaşayırdı və bu böhran tribunaların da dilinə keçmişdi.
2014-cü ildə Serbiya və Albaniya yığmalarının Belqradda keçirilən oyunu da yarımçıq qaldı. Meydan üzərində «Böyük Albaniya» xəritəsi olan bayraq daşıyan dronun peyda olması qarşıdurmaya səbəb oldu. Futbolçular arasında dava düşdü, tribunalar qarışdı. Bir dronun stadion üzərində uçuşu onilliklərdir həllini tapmayan tarixi mübahisələri yenidən gündəmə gətirdi.
1986-cı ildə Argentina ilə İngiltərənin dünya çempionatında qarşılaşması isə başqa bir məna daşıyırdı. İki ölkə cəmi dörd il əvvəl Folklend adaları uğrunda müharibə aparmışdı. Argentina rəqibini 2:1 hesabı ilə məğlub etdi. Maradonanın «Tanrının əli» adlandırdığı qol və ardınca vurduğu möhtəşəm solo qol futbol tarixinin yaddaşına yazıldı. Argentina üçün həmin qələbə bir çoxlarının gözündə sadəcə idman uğuru deyil, müharibədən sonrakı mənəvi revanş idi.
Futbolda bəzən idman rəqabəti siyasi məqsədlər üçün istifadə edilir, azarkeşlərin hissləri daha böyük mübarizənin alətinə çevrilir. Əlbəttə, hər bayrağın arxasında siyasi sifariş axtarmaq doğru deyil. Amma futbolun siyasi təsir imkanlarını görməmək də sadəlövhlük olardı.
Bu gün futbol həm də nəhəng biznesdir. Televiziya hüquqları, sponsorluq müqavilələri, transferlər və beynəlxalq turnirlər milyardlarla dolların dövr etdiyi iqtisadi sistem yaradıb. Dünya çempionatına ev sahibliyi etmək artıq təkcə idman tədbiri təşkil etmək deyil, ölkənin özünü dünyaya təqdim etməsi, nüfuzunu artırması deməkdir.
2015-ci ildə FIFA ətrafında üzə çıxan korrupsiya qalmaqalı da futbol idarəçiliyinin arxasında hansı maliyyə maraqlarının dayandığını göstərdi. Məlum oldu ki, milyardların dövr etdiyi bu sahədə idman prinsipləri heç də həmişə əsas meyar deyil.
Bununla belə, futbolu yalnız siyasətin və biznesin aləti saymaq da düzgün olmazdı. O, müharibə yaşayan xalqları bir araya gətirə, fərqli düşüncəli insanları eyni sevinc ətrafında birləşdirə bilər. Elə onun gücü də bundadır. Bir qol minlərlə insanı sevindirə bildiyi kimi, bir siyasi şüar da stadionda gərginlik yarada bilər.
Azarkeşin siyasi mövqeyini stadiona gətirməsi, polisin buna reaksiyası və təhlükəsizlik məsələləri ayrıca müzakirə olunmalıdır. Ancaq bir həqiqət var ki, stadion cəmiyyətin özüdür. Orada da sevinc, qəzəb, etiraz və illərlə yığılıb qalmış problemlər var.
Futbolun siyasətdən kənarda qalması barədə müzakirələr reallıqla uzlaşmır. Dövlətlər bu oyundan beynəlxalq nüfuz, siyasi legitimlik və iqtisadi maraqlar naminə istifadə etdikcə, klublar və azarkeşlər də istər-istəməz həmin münasibətlər sisteminin bir hissəsinə çevrilirlər. Stadionda baş verənlərə yalnız idman intizamı və azarkeş davranışı prizmasından baxmaq kifayət deyil. Çünki bəzən tribunada qaldırılan bayraq meydanda vurulan qoldan, verilən qərardan və hətta oyunun nəticəsindən daha böyük məna daşıyır. Futbolun siyasi çəkisi də məhz burada üzə çıxır- o, artıq təkcə idman deyil, təsir və maraqlar uğrunda mübarizənin də platformasıdır...


Şərhlər