Azər Rəşidoğlu
Dünya siyasəti böyük bir şahmat löhvəsini xatırladır. Burada hər gedişin arxasında maraq, hər susqunluğun arxasında hesab, hər diplomatik təbəssümün arxasında isə bəzən sərt rəqabət dayanır.
Zbiqnev Bjezinskinin «Böyük şahmat löhvəsi» əsərində təsvir etdiyi geosiyasi reallıqlar bu gün də aktuallığını qoruyur. Sadəcə, fiqurlar dəyişir, oyunun qaydaları yenidən yazılır.
Azərbaycan da belə bir tarixi mərhələdə öz geosiyasi mövqeyini yenidən müəyyənləşdirməyə çalışır. Bakının Vaşinqtondan Pekinə, Ankaradan Brüsselə, Mərkəzi Asiyadan Körfəz ölkələrinə qədər geniş coğrafiyada diplomatik fəallıq nümayiş etdirməsi təsadüfi deyil. Söhbət görüşlərin sayını artırmaqdan yox, dəyişən dünya nizamında daha geniş siyasi və iqtisadi manevr imkanları qazanmaqdan gedir.
Əvvəlki dünya artıq yoxdur. Böyük güclər arasında rəqabət dərinləşir, enerji marşrutları siyasi mübarizənin predmetinə çevrilir, nəqliyyat dəhlizləri isə dövlətlərin strateji əhəmiyyətini müəyyənləşdirir. Belə şəraitdə yalnız bir istiqamətə bağlanmaq ciddi risklər yaradır.
Bakının çoxvektorlu siyasətinin mahiyyəti də budur - müxtəlif güc mərkəzləri ilə münasibətləri inkişaf etdirmək, lakin heç bir istiqamətdə milli maraqları güzəştə getməmək. Lakin bu siyasətin ən çətin tərəfi tarazlığı qorumaqdır. Çünki bir tərəflə yaxınlaşma digər tərəfdə suallar doğura, regional rəqabət isə diplomatik manevr imkanlarını məhdudlaşdıra bilər.
Mərkəzi Asiya bu strategiyanın mühüm istiqamətlərindən biridir. Azərbaycanın region dövlətlərinin Məşvərət Görüşü formatında tamhüquqlu iştirakı yeni siyasi mərhələnin göstəricisidir. Xəzər artıq iki sahili ayıran su hövzəsi deyil, Avropa ilə Asiyanı birləşdirən geoiqtisadi məkan kimi çıxış edir.
Orta Dəhliz isə bu siyasətin iqtisadi onurğa sütununa çevrilir. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycan vasitəsilə Avropaya daşınması ölkəmizin strateji əhəmiyyətini artırır. Ancaq tranzit ölkəsi olmaqla regional iqtisadi mərkəzə çevrilmək eyni şey deyil. Azərbaycan yalnız yüklərin keçdiyi ərazi yox, istehsalın, logistikanın, texnologiyanın və investisiyanın cəmləşdiyi məkana çevrilməlidir.
ABŞ istiqamətində də yeni səhifə açılıb. 2026-cı il fevralın 10-da imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji, təhlükəsizlik, texnologiya, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq üçün yeni çərçivə yaradır. Avropa ilə münasibətlərdə isə enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları əsas mövqelərdən birini tutur.
Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanın regional təhlükəsizlik arxitekturasının mühüm dayağıdır. Çinlə iqtisadi əməkdaşlıq, Rusiya və İranla mürəkkəb qonşuluq münasibətləri, Körfəz ölkələri ilə investisiya əlaqələri isə Bakının diplomatik gündəliyini genişləndirir.
Burada Lampeduzanın «Leopard» romanındakı məşhur fikir yada düşür - hər şey dəyişməlidir ki, hər şey əvvəlki kimi qalsın. Beynəlxalq siyasətdə də dövlətlər dəyişən reallıqlara uyğunlaşmaqla əsas maraqlarını qorumağa çalışırlar. Azərbaycanın xarici siyasətindəki fəallığı da bu prizmadan qiymətləndirmək olar. Dəyişən dünya ilə ayaqlaşmaq, amma strateji müstəqilliyi qorumaq.
Bununla belə, çoxvektorlu siyasət risksiz deyil. Böyük güclərin maraqları toqquşduqda Bakıdan seçim etməsi tələb oluna bilər. Regional münaqişələr, sanksiyalar, enerji bazarındakı dəyişikliklər və nəqliyyat marşrutları uğrunda rəqabət bu siyasətin manevr sərhədlərini müəyyənləşdirir. Deməli, diplomatik fəallıqla yanaşı, dəqiq hesablanmış iqtisadi və təhlükəsizlik strategiyası da vacibdir.
Bütün bunların fonunda əsas sual dəyişmir - Azərbaycan qazandığı geosiyasi üstünlükləri nə dərəcədə real iqtisadi və sosial nəticəyə çevirə biləcək?
Çünki siyasi bəyanatlar rifah yaratmır, imzalanan sənədlər avtomatik olaraq yeni iş yerləri açmır. Beynəlxalq dəhlizlərin əhəmiyyəti də yalnız onların üzərindən keçən yüklərin həcmi ilə ölçülməməlidir. Əsas məsələ həmin marşrutların ölkə daxilində yaratdığı əlavə dəyərdir.
Azərbaycanın qarşısında duran vəzifə coğrafi üstünlüyü iqtisadi gücə, diplomatik fəallığı real tərəfdaşlığa, beynəlxalq nüfuzu isə vətəndaşın rifahına çevirməkdir.
Bakı artıq regional proseslərin yalnız müşahidəçisi olmaq istəmir. Lakin geosiyasətdə əsas məsələ oyunda iştirak etmək deyil, hər gedişin qiymətini və nəticəsini hesablamaqdır.
Geosiyasətdə coğrafiya taleyin verdiyi üstünlükdür, amma siyasətçinin səhvi həmin üstünlüyü tarixi məğlubiyyətə çevirə bilər. Azərbaycan üçün indi əsas məsələ böyük güclərin şahmat taxtasında fiqur olmaq deyil, öz gedişini diktə edə bilən dövlətə çevrilməkdir. Çünki tarix bir həqiqəti dəfələrlə sübut edib ki, başqalarının qurduğu oyunda yer qazananlar yox, öz oyununun qaydalarını müəyyənləşdirənlər qalib gəlir...


Şərhlər