Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi həm Cənubi Qafqazda sülh gündəmini, həm də İrəvandakı daxili siyasi prosesləri yenidən diqqət mərkəzinə gətirib. Referendum üçün lazım olan səslərin çatışmazlığı, müxalifətin mövqeyi, regional kommunikasiya layihələri və böyük güclərin yanaşması fonunda bu addımın real nəticələri geniş müzakirə olunur.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov “AzPolitika”ya şərhində bildirib ki, Ermənistanda Konstitusiyanın dəyişdirilməsi yeni mövzu deyil. O xatırladıb ki, hazırkı Konstitusiya 2015-ci ilin dekabrında Serj Sərkisyanın hakimiyyəti dövründə qəbul olunub, 2018-ci ilin fevralında parlament seçkilərində qüvvəyə minib və hakimiyyət bölgüsündə tarazlıq yaratmadığı əvvəldən müzakirə edilib. Politoloq qeyd edib ki, əvvəlki cəhdlər baş tutmasa da, layihə məhz Azərbaycanla münasibətlər kontekstində ictimaiyyətə təqdim olunub.
F. Məmmədov vurğulayıb ki, Azərbaycanı maraqlandıran və sülh prosesinə birbaşa təsir edən əsas məqam layihədə Müstəqillik Bəyannaməsinə istinadın olmamasıdır. O bildirib ki, sənəddə superbaş nazir sistemindən imtina edilmir. Politoloqun sözlərinə görə, layihə parlamentə baş nazirin müavinlərinə, nazirlərə və səfirlərə etimadsızlıq göstərmək və onların vəzifədən azad edilməsinə əsas yaratmaq səlahiyyəti versə də, təyinatlarla bağlı yekun qərar yenə də baş nazirə məxsus olacaq. Parlamentin yarıdan çoxunun səsi isə yalnız məsləhət xarakteri daşıyacaq.
O, simvollarla bağlı dəyişikliklərə də toxunub. F. Məmmədov qeyd edib ki, 2015-ci il Konstitusiyasında bayraq və gerbin təsvirində Ağrı dağı əks olunurdusa, yeni layihədə simvolların təsviri adi səs çoxluğu ilə qəbul edilən qanunla müəyyənləşdirilir. Yəni layihədə Ağrı dağının adı çəkilmir. Lakin bu, hələlik yalnız layihədir.
Politoloq əlavə edib ki, müxalifətin, xüsusilə Rusiyameyilli qüvvələrin seçki günü Rusiyada yaşayan Ermənistan vətəndaşlarını ölkəyə gətirməsi fonunda dəyişdirilmiş seçki qanunvericiliyinin müddəaları indi Konstitusiyaya daxil edilir. Belə ki, son iki il ərzində azı bir il Ermənistanda yaşamayan vətəndaş seçki hüququndan məhrum edilir.
O, həmçinin bildirib ki:
- Parlamentə seçilmək üçün tələb olunan yaşayış müddəti dörd ildən beş ilə qaldırılıb, prezident seçilmək üçün yaş həddi isə azaldılıb;
- Baş nazir səlahiyyətlərinin icrasına başladığı andan etibarən bütün fəaliyyət müddəti ərzində Ali Baş Komandan olur;
- Yeni Məhkəmə Şurasının yaradılması və onun üzvlərinin yalnız parlament tərəfindən təyin olunması nəzərdə tutulur;
- Ermənistan qoşulduğu beynəlxalq təşkilatlardan həmin təşkilatlara hansı qaydada qoşulubsa, eyni qaydada da çıxa bilər. Bu isə Aİİ və ya Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirilməsi tələbini aradan qaldırır.
Layihə qəbul edilərsə, gələcəkdə Konstitusiyanın maddələrinin parlamentdə konstitusion çoxluqla dəyişdirilməsi imkanı ləğv olunacaq və bütün dəyişikliklər yalnız referendum yolu ilə həyata keçiriləcək.
Fərhad Məmmədov deyib ki, hazırda Paşinyanın referendumu keçirmək üçün əlavə 6 səsi çatışmır və o, müxalifətə iki variant təklif edir. Politoloqun sözlərinə görə, birinci variantda Paşinyan müxalifətə 6 səs vermək və referendumun keçirilməsinə şərait yaratmaq çağırışı edir. Xalq “yox” deyərsə, istefa verəcəyini və növbəti seçkilərdə iştirak etməyəcəyini, layihə qəbul edilsə belə, beş ildən sonra keçiriləcək seçkilərə qatılmayacağını bildirir.
Ekspert bildirib ki, ikinci variant 6 səs verilmədiyi təqdirdə istefa vermək və növbədənkənar parlament seçkilərinə getməkdir. F. Məmmədov qeyd edib ki, yeni qanunvericiliyə əsasən, Rusiyada yaşayan ermənilərin səsvermədə iştirak edə bilməməsi seçici siyahılarını 15-18% azaldıb. Bir ay əvvəl keçirilən bələdiyyə seçkilərində isə hakim partiya və ona yaxın qüvvələr 80-90% səs toplayıb. Onun sözlərinə görə, 6 səs verilərsə, gələn il referendumun keçirilməsi və sülh sazişinin imzalanması mümkün ola bilər. Əks halda, növbədənkənar seçkilərdən altı ay sonra referendum keçirilə bilər.
Müxalifətin – Köçəryan, Sərkisyan, Karapetyan, daşnaklar və Levon Ter-Petrosyanın – Konstitusiyaya qarşı cəbhə yaratdığını deyən F. Məmmədov bildirib ki, onlar görüşlər keçirsələr də, kütləvi aksiyalar elan etmirlər və seçki vaxtını gözləyirlər.
“Paşinyan əvvəlcə dinc yolla müraciət edəcək, alınmasa, 39 deputatla fərdi işləməyə çalışacaq. Müxalifət liderlərinin həbsdə olması, yüz milyonlarla dollarlıq bizneslərinin və maliyyə mənbələrinin sarsılması da ona 6 səsi əldə edə biləcəyinə dair əminlik verir”, - deyə o bildirib
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər