Rusiya işğalçı qüvvələri Ukraynaya qarşı yeni kütləvi zərbəyə hazırlığı yekunlaşdırır.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi selektor müşavirəsinin yekunlarına dair açıqlamasında bildirib.
Onun sözlərinə görə, kəşfiyyat məlumatlarına əsasən, budəfəki hücumun əsas hədəfləri enerji və logistika infrastrukturu, eləcə də şəhər və yaşayış məntəqələrindəki həyat təminatı obyektləri olacaq.
Prezident qeyd edib ki, hazırda Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin verilməsi ilə bağlı tərəfdaşlarla aparılan danışıqların nəticələrinə dair Xarici İşlər Nazirliyinin hesabatını gözləyir. Zelenskinin sözlərinə görə, əsas vəzifə "Patriot" və "NASAMS" sistemləri üçün önləyici raketlərin tədarükünə nail olmaqdır.
Dövlət başçısı Rusiya ordusunun Ukraynanın yarımstansiyalarına, hava elektrik xətlərinə və bütün enerji təchizatı şəbəkəsinə hücumları dayandırmadığını da vurğulayıb: "Bu günə olan vəziyyət xüsusilə Dneprdə, vilayətin Dnepr rayonunda, həmçinin Pavloqradda ağırdır. Təmir işləri üçün bütün zəruri qüvvələr cəlb olunub. Odessa və vilayətində, Xarkov vilayətində, Konotopda və ümumilikdə Sumı vilayətində görülən işləri də qeyd etmək istəyirəm. Vacib olan budur ki, ehtiyat avadanlıqlar var, təmir briqadaları peşəkardır və işlər gecə-gündüz aparılır".
Qeyd edək ki, noyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbələr endirib. Hücum nəticəsində 7 nəfər xəsarət alıb. Kiyev meri Vitali Kliçkonun məlumatına görə, raketlər Desnyanski rayonundakı sənaye zonasına, qeyri-yaşayış binasına və paytaxtdakı ticarət mərkəzinə düşüb.
Bundan başqa, noyabrın 26-da Rusiya qüvvələri Xarkova da dronlarla hücum edib. Zərbələrdən biri ali təhsil müəssisəsinin binasına dəyib, nəticədə bir qadın həlak olub, daha 6 nəfər yaralanıb.
Rasim
"AzPolitika.info"


Şərhlər