Menu

ABŞ rəsmisindən "TRIPP" açıqlaması - "Zəngəzurdan keçəcək 42,5 kilometrlik hissə..."

26.11.2026, 08:39
ABŞ rəsmisindən "TRIPP" açıqlaması - "Zəngəzurdan keçəcək 42,5 kilometrlik hissə..."

ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstoun Ermənistan İctimai Radiosuna müsahibəsində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "TRIPP" layihəsinin icrası, Rusiyanın Ermənistan dəmir yollarına nəzarətinin bu prosesə təsiri və dəhlizin əhatə edəcəyi yeni kommunikasiya xətləri barədə mühüm detalları açıqlayıb.

“AzPolitika” xəbər verir ki, amerikalı diplomat Rusiyanın Ermənistanın dəmir yolu şəbəkəsini idarə etməsinin "TRIPP" layihəsinə təsirsiz ötüşməyəcəyini etiraf edib, lakin bu təsirin müsbət və ya mənfi olacağının hələlik dəqiq bilinmədiyini vurğulayıb.

Arye Laytstoun bildirib ki, Ermənistan kiçik ölkədir və nəqliyyat marşrutları məhduddur: "Rusiya idarəçiliyi layihəyə təsir edəcək, çünki hər şey bir-birinə təsir göstərir. Amma bu təsirin müsbət, yoxsa mənfi olacağına əmin deyiləm. Rusiya amili mövcuddur, lakin bu bizdən asılı deyil, Ermənistan suveren ölkədir. Rusiyanın kommersiya maraqları var, biz isə Ermənistanın suverenliyinə arxalanaraq TRIPP layihəsini həyata keçiririk və o, inanılmaz dərəcədə uğurlu olacaq. Elə variantlar var ki, Rusiya amili bizim layihəni tamamlayıb daha uğurlu edə bilər; elə variantlar da var ki, layihəmiz fəaliyyətimizə heç bir təsir göstərmədən müstəqil şəkildə mövcud ola bilər".

Qeyd edək ki, rəsmi Moskva bundan əvvəl dəfələrlə "TRIPP" layihəsinin yalnız Rusiyanın iştirakı ilə səmərəli işləyə biləcəyini iddia edib. Hazırda İrəvan və Moskva arasında Ermənistan dəmir yollarının rəqabət qabiliyyətinin artırılması ilə bağlı danışıqlar aparılır.

Bu həftənin əvvəlində İrəvanda səfərdə olan və "TRIPP"in əsas memarlarından biri sayılan A.Laytstoun Qərbi Zəngəzur ərazisindən keçəcək marşrutu Orta Asiyanı Avropaya birləşdirən Orta Dəhlizin mühüm həlqəsi kimi dəyərləndirib.

Diplomatın sözlərinə görə, Sünikdəki 42,5 kilometrlik hissənin özünün dəyəri yüz milyonlarla dollar təşkil edəcək, lakin bu yeni dəhliz vasitəsilə daşınacaq yüklərin və boru kəmərləri konsepsiyasının dəyəri on milyardlarla dollarla ölçüləcək.

Laytstoun qeyd edib ki, layihə təkcə dəmir yolu və avtomobil magistralı ilə məhdudlaşmayacaq: "TRIPP dəmir yolu və avtomobil yolu ilə başlayacaq, lakin təbii qaz kəmərləri, neft kəmərləri, elektrik xətləri və rəqəmsal kabelləri də əhatə etməyə davam edəcək. Beləliklə, bütün Orta Dəhliz yüklərin və resursların daşınması üçün üstün bir mexanizmə çevriləcək".

ABŞ rəsmisi maraqlı bir detalı da açıqlayıb. Onun sözlərinə görə, ilkin razılaşmada boru kəmərlərinin də Sünikdən keçməsi nəzərdə tutulsa da, Ermənistanın Baş naziri Nikol Paşinyan marşrutun kommersiya baxımından daha sərfəli olması üçün dəyişiklik təklif edib: "Baş naziriniz bizə müraciət edərək dedi ki, boru kəmərinin keçməsi üçün ora ən məntiqli marşrut deyil, kommersiya baxımından daha az gəlirli olar; TRIPP konsepsiyasını Ermənistanın digər bölgələrinə genişləndirməyi nəzərdən keçirə bilərikmi? Mən də cavab verdim ki, siz bizim tərəfdaşımızsınız və bölgə ölkələrinə daha böyük uğur gətirəcək hər bir addımı dəyərləndirəcəyik. Genişləndirmə ilə bağlı razılığa gəlməyimiz çox asan oldu".

Xatırladaq ki, noyabrın 23-də ABŞ və Ermənistan liderləri Sünikdə "TRIPP" layihəsinin təməlqoyma mərhələsinin başlandığını elan ediblər. Hazırda ərazidə torpaq-hamarlama işləri aparılsa da, texniki-iqtisadi əsaslandırma hələ tam yekunlaşmayıb və əsas tikinti işlərinə 2027-ci ildə başlanılacağı bildirilir.

Layihəni icra edəcək birgə müəssisədə ABŞ-nin 74%, Ermənistanın isə 26% paya sahib olacağı artıq razılaşdırılıb. Laytstounun sözlərinə görə, danışıqlar başa çatıb, hazırda şirkətin nizamnaməsinin təsdiqlənməsi və hüquqşünasların yekun sənədi imzalanma mərasiminə hazırlaması prosesi gedir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol