Asiya Çempionlar Liqasında BƏƏ-nin “Əl-Cəzirə” və İranın “Qol Gohar” klubları arasında keçirilən matçda qalmaqallı hadisə baş verib.
"AzPolitika" xəbər verir ki, qarşılaşmanın suriyalı baş hakimi Hana Xattab oyunu sərxoş halda idarə etməsi ilə bağlı iddialar səbəbindən fasilədə əvəzlənib.
Narazılığa görüşün 32-ci dəqiqəsində yaşanan qəribə epizod səbəb olub. Belə ki, meydanın mərkəzində “Qol Gohar”ın futbolçusu Əli Əsgər Aşuriyə qarşı kobudluq edilib. Baş hakim bir qədər tərəddüd etdikdən sonra qaydanı pozan oyunçunun əvəzinə “Əl-Cəzirə”nin türkiyəli qapıçısı Ersin Destanoğlunu yanına çağıraraq ona sarı vərəqə göstərib.
Hakimin mübahisəli qərarlarından və qeyri-sabit davranışlarından narazı qalan İran təmsilçisinin məşqçilər heyəti onun sərxoş olduğunu iddia edərək, referi dəyişdirilməyəcəyi təqdirdə meydanı tərk edəcəklərini bildirib.
“Qol Gohar”ın məşqçisi Heydər Əfsari oyundan sonrakı açıqlamasında yaşananların hər iki komandanı təəccübləndirdiyini qeyd edib: “Hakim normal vəziyyətdə deyildi. Hətta “Əl-Cəzirə”nin futbolçuları da bizə eyni fikri bildirdilər. Rəqibin 77 nömrəli oyunçusu ikinci qayda pozuntusundan sonra qırmızı vərəqə ilə cəzalandırılmalı idi, lakin hakim vərəqəni qapıçının adına yazdı”.
İddialar rəsmi təsdiqini tapmasa da, Asiya Futbol Konfederasiyası (AFK) İran klubunun etirazından sonra fasilədə baş hakimi əvəzləmək məcburiyyətində qalıb.
Qeyd edək ki, qarşılaşma “Əl-Cəzirə”nin braziliyalı ulduzu Anderson Taliskanın vurduğu qolla BƏƏ təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Şərhlər