Qatı anti-miqrant mövqeyilə tanınan Sergey Mironovun rəhbərlik etdiyi “Ədalətli Rusiya” partiyasının deputatları Dövlət Dumasına yeni qanun layihəsi təqdim ediblər.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, yeni layihəyə görə qəsdən törədilən istənilən cinayətə görə, sonradan vətəndaşlıq alanlar Rusiya pasportundan məhrum ediləcəklər.
Qeyd edək ki, hazırkı qanunvericilik artıq Rusiya Cinayət Məcəlləsinin 70-dən çox maddəsi, o cümlədən qətl, dövlətə xəyanət, casusluq, saxta xəbərlərin yayılması və ordunu nüfuzdan salma kimi cinayətlərə görə sonradan əldə edilmiş vətəndaşlığın, yəni, əsasən miqrantlara verilən Rusiya vətəndaşlığının ləğvinə imkan verir.
Mart ayında İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bütün qəsdən törədilən ağır və xüsusilə ağır cinayətlərə görə miqrantların vətəndaşlığının ləğvini təklif etmişdi. Yeni layihədə isə ən kiçik qanun pozuntularına görə belə insanlar vətəndaşlıqdan məhrum ediləcəklər.
Bu sıraya fırıldaqçılıq, böhtan, vandalizm və ya dövlət məmurunu təhqir etməyə görə vətəndaşlığın ləğvi daxildir. Qanun layihəsi hətta cinayətə hazırlıq və ya cəhd üçün belə vətəndaşlığın alınmasına imkan verəcək. Düzəlişlərin həmmüəllifi Aleksandr Aksyonenko vətəndaşlıqdan məhrum edilmiş şəxslərin Rusiyadan çıxarılmasını və hətta qohumlarının da deportasiyasını tələb edir.
Vəkil Mariya Yarmuş bildirib ki, sərtləşdirmə tədbirləri əcnəbilərin Rusiya vətəndaşlığını almasına mane olacaq. O həmçinin məhkəmələrin ədalətsiz və səhv qərarlar verəcəyini də istisna etməyib.
TASS-ın məlumatına görə, 2026-cı ilin ilk yeddi ayında Rusiya Daxili İşlər Nazirliyi 1000-dən çox insanı Rusiya vətəndaşlığından məhrum edib. İşlərin 72%-i müxtəlif cinayətlər, 11%-i hərbi xidmətə yazılmaqdan imtina, 10%-i isə milli təhlükəsizliyə təhdidlə əlaqələndirilib.
“AzPolitika.info”


Şərhlər