İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın qanunsuz yolla əldə etdiyi aktivlərin daha bir hissəsini bu ölkəyə qaytaracaq.
“AzPolitika” xəbər verir ki, İsveçrə və Özbəkistan arasında 252,5 milyon dollar dəyərində aktivlərin geri qaytarılmasına dair saziş təsdiqlənib.
Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına görə, qaytarılacaq vəsait əhalinin rifahının yüksəldilməsi və insan kapitalının inkişafı məqsədilə “İşonç” fondu (“Özbəkistanın Baxışı 2030” Fondu) vasitəsilə istifadə olunacaq.
Fondun vəsaitlərinin bölüşdürülməsi strategiyasının ilk mərhələsində səhiyyə və təhsil sahələrinə 87 milyon dollar ayrılıb. Bu vəsait ana və uşaq sağlamlığının qorunmasına, perinatal xidmətlərin yaxşılaşdırılmasına, təhsilin keyfiyyətinin artırılmasına, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına və müvafiq sahələrdə institusional imkanların gücləndirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Özbəkistanın Ədliyyə Nazirliyi ilə İsveçrə hakimiyyəti arasında Gülnarə Kərimovaya məxsus 131 milyon dollar dəyərində aktivlərin ölkəyə qaytarılması barədə yekun saziş imzalanıb.


Şərhlər