Menu

MƏKTƏBLƏRDƏ DRON DÖVRÜ BAŞLAYIR? – Hərbi hazırlıqda yeni yanaşma

25.11.2026, 15:34
MƏKTƏBLƏRDƏ DRON DÖVRÜ BAŞLAYIR? – Hərbi hazırlıqda yeni yanaşma

Müasir müharibələrdə pilotsuz uçuş aparatlarının (PUA) və dron texnologiyalarının rolu getdikcə artır. Artıq döyüş meydanında üstünlük təkcə canlı qüvvə və ənənəvi silahlarla deyil, həm də texnoloji imkanlarla müəyyən edilir. Bu reallıq hərbi hazırlıq sistemində də yeni yanaşmaları gündəmə gətirir.Azərbaycanda məktəblərdə çağırışaqədərki hazırlıq fənninin məzmununun dəyişdirilməsi fonunda şagirdlərə dronların idarə olunmasının öyrədilməsi də müzakirə mövzusu ola bilər. 

Bəs gələcək çağırışçılara məktəb yaşlarından dron idarəetməsi öyrədilməlidirmi? Bu, müasir dövrün tələbi, yoxsa təhsil proqramına əlavə yükdür? Mövzu nə dərəcədə zəruridir?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, məktəblərdə çağırışaqədərki hazırlıq fənnində nəzərdə tutulan dəyişikliklər müsbət qiymətləndirilsə də, bu addımların formal xarakter daşımaması və kağız üzərində qalmaması əsas şərt kimi önə çəkilir: "Dəyişikliklər alqışlanandır, lakin dərslərin real əyani vəsaitlərlə təmin olunması vacibdir. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə məktəblərin təlim silahları, mina maketləri və hərbi xidmətlə bağlı digər zəruri vəsaitlərlə təchiz edilməsi məsələsi indiyədək dəfələrlə qaldırılsa da, təəssüf ki, bu problem hələ də tam həllini tapmayıb. Şagirdlərə dronların idarə olunmasının öyrədilməsi fonunda gənclərin hərbi xidmətə müəyyən anlayış və ilkin hazırlıqla gəlməsi arzuolunandır. Lakin bu prosesin nə dərəcədə effektli olacağı tətbiq mexanizmindən asılıdır".

Üzeyir Cəfərovun sözlərinə görə, məktəbdə veriləcək nəzəri biliklər ən azından praktiki cəhətdən də tətbiq olunmalıdır: "Yəni şagirdlər nəzəri bilikləri məktəbdə əldə edəcəklərsə, bu istiqamətdə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti kimi güc strukturları ilə sıx əlaqə yaradılmalıdır. Yeniyetmə və gənclər həmin hərbi hissələrə aparılmalı və dronlardan yerində praktiki məşğələlərdə istifadə etməlidirlər. Bu cür yanaşma olduqca zəruri və lazımlıdır. Lakin formal xarakter daşımamalıdır ki, real fayda əldə edilsin".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol