Azərbaycan turizm sektorunda yeni bazarlara çıxış imkanlarını genişləndirir. Xüsusilə Çin və Hindistandan turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar ölkəyə gələn xarici ziyarətçilərin sayının artmasına və turizm gəlirlərinin yüksəlməsinə şərait yarada bilər. Bu ölkələrin böyük əhali potensialı Azərbaycan üçün geniş imkanlar açsa da, turist axınının davamlı olması bir sıra amillərdən asılıdır. Bəs Çin və Hindistan vətəndaşları üçün Azərbaycan nə dərəcədə cəlbedici turizm məkanıdır? Yeni bazarlardan real turist axını yaratmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, Hindistan və Çin Azərbaycanın gəlmə turizmi üçün böyük potensiala malik bazarlardır. Hesab edirəm ki, qarşıdakı illərdə hər iki ölkədən turist axınının artması mümkündür. Lakin bu bazarların hər birinə fərqli strategiya ilə yanaşmalıyıq. Hindistan bazarında itirilmiş mövqelərin bərpasından, Çin bazarında isə mövcud müsbət dinamikanın gücləndirilməsindən söhbət gedir:
"2024-cü ildə Hindistandan Azərbaycana təxminən 240 min nəfər səfər etdiyi halda, 2025-ci ildə bu göstərici 167 minə yaxın olub. Cari ildə isə azalma tendensiyası davam edib. Maraqlıdır ki, 2025-ci ildə Hindistan vətəndaşlarının xarici ölkələrə səfərlərinin sayı 6,3 faiz artaraq 32,8 milyona çatıb. Deməli, Hindistanda xarici səyahətlərə tələbat azalmayıb. Azərbaycanın bu bazarda üzləşdiyi vəziyyəti geosiyasi amillər, ölkəmizin həmin bazarda qavranılması, nəqliyyat əlçatanlığı və rəqabət mühiti kontekstində qiymətləndirməliyik. Çin bazarında isə daha nikbin mənzərə müşahidə olunur. 2026-cı ilin yanvar–oktyabr aylarında Çindən Azərbaycana 61 min nəfər səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. Qarşılıqlı vizasız rejim, birbaşa hava əlaqələri, iki ölkə arasında genişlənən iqtisadi və mədəni əməkdaşlıq turizmin inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan Turizm Bürosunun son günlərdə Hindistanın üç, Çinin isə dörd şəhərində keçirdiyi tədbirlər bu baxımdan təqdirəlayiqdir. Xüsusilə həmin tədbirlərdə Azərbaycanın turizm imkanlarının yalnız Bakı ilə məhdudlaşdırılmaması, regionlarımızın, dağ və qış turizminin, sağlamlıq, işgüzar və toy turizminin təqdim olunması düzgün yanaşmadır. Lakin ölkəni tanıtmaqla turistin həmin ölkəyə səfər etməsini təmin etmək arasında ciddi fərq var. Tanıtım tədbirləri konkret turizm məhsullarına, kommersiya müqavilələrinə, satışlara və real rezervasiyalara çevrilməlidir. Unutmamalıyıq ki, Hindistan və Çin turistləri uğrunda dünyanın bir çox ölkələri ciddi rəqabət aparırlar. Bu baxımdan birbaşa uçuşların coğrafiyasının genişləndirilməsi, çarter reyslərinin təşkili, aviabiletlərin qiymət əlçatanlığı, regional beynəlxalq hava limanlarımızın potensialından istifadə edilməsi vacibdir. Hindistan vətəndaşları üçün viza prosedurlarının daha da sadələşdirilməsi imkanları da nəzərdən keçirilə bilər".

Ekspertin sözlərinə görə, eyni zamanda öz turizm sənayemizin bu bazarlara nə dərəcədə hazır olduğunu qiymətləndirməliyik:
"Hotellərdə və restoranlarda fərqli qidalanma xüsusiyyətlərinin nəzərə alınması, dil biliklərinə malik kadrların hazırlanması, bələdçilik xidmətləri, rəqəmsal ödəniş imkanları, Çinin Trip.com, WeChat və Hindistanın MakeMyTrip kimi populyar platformalarında müvafiq marketinq və satış imkanlarından istifadə edilməsi mühüm əhəmiyyət daşıyır. Hindistan bazarında toy və ailəvi istirahət, işgüzar tədbirlər, mədəni və qastronomiya turizmi, o cümlədən Atəşgah kimi tarixi-mədəni irs nümunələrimizdən daha səmərəli istifadə edə bilərik. Çin bazarında isə Böyük İpək Yolu, tarixi-mədəni irs, ekoturizm, təbiət və bir neçə ölkəni əhatə edən beynəlxalq turizm marşrutları üzrə geniş imkanlarımız mövcuddur. Regional inteqrasiya məsələsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm müstəqil turizm destinasiyası, həm də Cənubi Qafqaz və Böyük İpək Yolu üzrə beynəlxalq marşrutların mühüm iştirakçısı kimi təqdim olunmalıdır. Bununla yanaşı, həmin marşrutlar çərçivəsində turistlərin Azərbaycanda daha uzun müddət qalmasına nail olmalıyıq. Hər iki bazarla işləyərkən onların milli bayramları, tətil dövrləri, səyahət vərdişləri və istehlakçı davranışları öyrənilməlidir. Bu, ölkəmizdə turizmin mövsümilik probleminin yumşaldılmasına, hotellərin ilboyu doluluq səviyyəsinin yüksəlməsinə və regionlarda daha dayanıqlı məşğulluğun təmin edilməsinə töhfə verə bilər. Bütün bu istiqamətlər turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan bazarların şaxələndirilməsi, nəqliyyat əlçatanlığının artırılması, rəqəmsallaşma, yeni turizm məhsullarının yaradılması və regional turizmin inkişafı ilə də uzlaşır. Burada dövlət qurumları, aviaşirkətlər, turizm şirkətləri, hotellər, restoranlar və sahəvi assosiasiyaların əlaqələndirilmiş fəaliyyəti olduqca vacibdir. Hesab edirəm ki, 2027-ci ildə Çin bazarında artımın davam etməsi, Hindistan bazarında isə tədricən bərpa real perspektivdir. Bununla belə, biz bir bazardan asılılığı digərindən asılılıqla əvəz etməməli, Azərbaycanın turizm bazarlarının balanslı şəkildə şaxələndirilməsinə çalışmalıyıq. Bizim üçün əsas uğur göstəricisi yalnız ölkəyə gələn turistlərin sayı deyil, onların Azərbaycanda qalma müddəti, xərclədikləri vəsait, regionlara səfərləri, yerli iqtisadiyyata verdikləri töhfə və ölkəmizdən hansı təəssüratlarla ayrılmaları olmalıdır. Turizm bazarında rəqabət artıq sadəcə turistlərin sayı uğrunda deyil, onların vaxtı, etimadı və məmnuniyyəti uğrunda gedir. Məqsədimiz yalnız turist gətirmək deyil, onun yenidən gəlmək və başqalarına tövsiyə etmək istəyəcəyi bir ölkə yaratmaqdır".
Müşviq Tofiqoğlu
AzPolitka.info


Şərhlər