Müddətsiz əlillik statusu alan şəxslərin bir daha tibbi müayinəyə cəlb olunub-olunmaması ilə bağlı cəmiyyətdə müxtəlif suallar yaranır. Bir çoxları müddətsiz əlilliyin şəxsin yenidən müayinədən tam azad olması anlamına gəldiyini düşünür. Bəs müddətsiz əlillik statusu alan şəxslərin yenidən tibbi müayinəyə çağırılması mümkündürmü? Cəmiyyətdə bu məsələ ilə bağlı müxtəlif fikirlər olsa da, qanunvericilik müəyyən hallarda belə şəxslərin əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə imkan verir. Bəs hansı hallarda müddətsiz əlillik statusuna yenidən baxıla bilər və bunun üçün hansı hüquqi əsaslar olmalıdır?
Mövzunu "AzPolitika"ya şərh edən hüquqşünas Tağı Hüseynov bildirib ki, bəzi hallarda belə şəxslərin əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi qanunvericiliklə nəzərdə tutulub. Lakin bu, bütün müddətsiz əlilliyi olan şəxslərin yenidən müayinədən keçməli olduğu anlamına gəlmir:

"Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin müəyyən edilməsinin əsaslılığını şübhə altına alan faktlar aşkar edildikdə şəxsin əlilliyi yenidən qiymətləndirilə bilər. Qeyd olunub ki, burada əsas meyar konkret və əsaslı faktların mövcudluğudur. Məsələn, əlilliyin təyin edilməsi zamanı saxta və ya həqiqətə uyğun olmayan tibbi sənədlərdən istifadə edildiyi müəyyənləşdirilərsə, yaxud əvvəlki tibbi-sosial ekspertiza qərarının düzgünlüyünü şübhə altına alan hallar ortaya çıxarsa, təkrar qiymətləndirmə aparıla bilər. Beləliklə, müddətsiz əlillik statusu şəxsin heç bir halda yenidən qiymətləndirilə bilməyəcəyi anlamına gəlmir. Bununla belə, təkrar müayinə üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və müvafiq faktlar olmalıdır. Sadəcə müddətsiz əlillik statusunun mövcudluğu şəxsin yenidən müayinəyə çağırılması üçün əsas hesab edilmir".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər