Menu

Müharibə illərində Rusiyada “təxribat konveyeri” - Hökmlərin sayı 100 dəfə artıb

24.11.2026, 15:35
Müharibə illərində Rusiyada “təxribat konveyeri” - Hökmlərin sayı 100 dəfə artıb

Ukraynaya qarşı müharibə illərində Rusiyada təxribat (diversiya) maddələri üzrə çıxarılan məhkəmə hökmlərinin sayı 100 dəfədən çox artıb. Bu barədə “Pervıy otdel” hüquq-müdafiə layihəsi və “Parubets Analytics” analitik qrupunun birgə araşdırmasında bildirilir. Təhlil 2012-ci ildən 2026-cı ilin oktyabrına qədər olan 14 illik dövrü əhatə edir.

"AzPolitika" xəbər verir ki, təqdim olunan məlumatlara əsasən, 2022-ci il də daxil olmaqla həmin dövrə qədər Rusiyada təxribat maddələri üzrə ildə cəmi bir və ya iki hökm çıxarılırdı. Lakin artıq 2023-cü ildə Rusiya məhkəmələri 15, 2024-cü ildə 78, 2025-ci ildə 101, 2026-cı ilin ilk doqquz ayında isə 105 hökm elan edib.

Ümumilikdə qeydə alınan 446 icraatdan 308 iş üzrə hökm çıxarılıb və 423 nəfər məhkum edilib. Cəza bölgüsü isə belədir:

5 ildən 8 ilədək – 49 nəfər;

8 ildən 10 ilədək – 25 nəfər;

10 ildən 15 ilədək – 91 nəfər;

15 ildən 20 ilədək – 83 nəfər;

20 il və daha çox – 46 nəfər;

Ömürlük azadlıqdan məhrumetmə – 2 nəfər.

“Pervıy otdel” qeyd edir ki, bu rəqəmlər təkcə işlərin sayının artımını deyil, həm də cəza praktikasının sistemli şəkildə genişlənməsini göstərir: “2022-ci ilə qədər nəinki nadir, hətta müstəsna sayılan təxribat işləri üç il ərzində fasiləsiz konveyerə — ildə yüzdən çox hökmə çevrilib. Bundan əlavə, 2026-cı ildə onlarla iş hələ də başa çatmayıb, bu isə statistikanın daha da artacağı deməkdir”.

Araşdırmada xatırladılır ki, müharibə başlayandan Rusiya hakimiyyəti təxribatla bağlı qanunvericiliyi xeyli sərtləşdirib. Belə ki, cinayət məsuliyyəti yaşı 16-dan 14-ə endirilib, iddia müddəti ləğv edilib, yetkinlik yaşına çatmayanların təxribat fəaliyyətinə cəlb olunmasına görə ömürlük azadlıqdan məhrumetməyə qədər cəza tətbiq edilib. Bundan başqa, Cinayət Məcəlləsinə təxribat fəaliyyətinə kömək etmə, bu məqsədlə təlim keçmə və təxribat birliyi yaratma və ya onda iştirak etmə kimi yeni maddələr əlavə olunub.

Tədqiqatçıların məlumatına görə, Cinayət Məcəlləsinin 281-ci maddəsi (təxribat) əsas maddə olaraq qalır və məhkum edilən 423 nəfərdən 406-sı məhz bu maddə ilə mühakimə olunub. Cinayət işlərinin 40 faizində isə təxribat maddələri ilə yanaşı, dövlətə xəyanət, casusluq, məxfi əməkdaşlıq və terrorçuluq kimi digər ağır maddələr də yer alıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol