Menu

"Demək, cəmiyyətdə bu məmura qarşı etimad yoxdur" - Deputat

24.11.2026, 14:37
"Demək, cəmiyyətdə bu məmura qarşı etimad yoxdur" - Deputat

Dövlət məmurunun əvvəlki vəzifələrindən və ictimai davranışlarından formalaşan mənfi ictimai obrazı onun hazırkı fəaliyyətində hüquq pozuntusu olmasa belə, cəmiyyətdə dövlətə etimadsızlıq mühiti yarada bilər. Bu baxımdan maraqlar toqquşması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi zamanı belə halların da nəzərə alınması vacibdir.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsində nəzərdə tutulan üçüncü kateqoriya – təəssürat yaradan maraqlar toqquşması xüsusi maraq doğurur.

O qeyd edib ki, bu kateqoriyanın mahiyyəti ondan ibarətdir ki, konkret vəziyyətdə heç bir hüquq pozuntusu, hətta potensial maraqlar toqquşması olmasa belə, dövlət məmurunun ictimai obrazı cəmiyyətdə etimad probleminə səbəb ola bilər.

"Ən maraqlısı isə üçüncü kateqoriyadır — təəssürat yaradan maraqların toqquşması. Məsələ belədir: baxın, təəssürat yaratmaq nə deməkdir? Əslində burda heç bir hüquq pozuntusu yoxdur. Heç bir potensial bəlkə toqquşma da yoxdur, maraqların toqquşması. Amma bir məmurun, dövlət məmurunun bir ictimai obrazı var. Bu obraz özü-özlüyündə həmin dövlət məmurunun əvvəlki vəzifələrindən miras qalıbsa və yaxud ictimai davranışlarından miras qalıbsa, demək cəmiyyətdə bu məmura qarşı etimad yoxdur. Bax belə olan halda bu məmurun ictimai obrazı görəsən etimad mühitini zədələyərmi?", – deyə H.Babaoğlu vurğulayıb.

Deputat belə hallarda məmurun ictimai obrazının etimad mühitinə zərər vurub-vurmadığı məsələsinin araşdırılmasının vacibliyinə diqqət çəkib. O, bu məsələnin hüquqi baxımdan necə tənzimlənə biləcəyi ilə bağlı hüquqşünasların mövqeyinin də maraqlı olduğunu bildirib.

H.Babaoğlu qeyd edib ki, bəzən vəzifəyə təyin olunan şəxs vicdanlı məmur olsa da, əvvəlki səhvləri və davranışları səbəbindən onun ictimai obrazı vətəndaşlarda etimad yaratmaya bilər.

"Bu halda məmur dövləti təmsil etdiyinə görə cəmiyyətdə etimadsızlıq mühiti yaranır", – deyə deputat bildirib.

Onun sözlərinə görə, qanunun əsas fəlsəfəsi vətəndaşlar arasında dövlətə etimad mühitinin formalaşdırılması və insanların dövlət ətrafında daha sıx birləşməsinə nail olmaqdır.

Deputat hesab edir ki, bu kimi məsələlər qanunun hazırkı müzakirəsi zamanı və ya gələcəkdə onun təkmilləşdirilməsi prosesində nəzərə alına, yeni təkliflər irəli sürülə bilər.

O vurğulayıb ki, maraqlar toqquşması ilə bağlı qanunvericiliyin gələcəkdə yenidən nəzərdən keçirilməsi və əlavə təkmilləşdirmələrin aparılması məqsədəuyğun ola bilər. /Trend 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol