Ermənistanın yeni Konstitusiya layihəsini açıqlaması Azərbaycanla sülh prosesində yeni mərhələnin başlanğıcı ola bilər. Layihədə Bakının ərazi iddiası kimi qiymətləndirdiyi və uzun müddətdir mübahisə predmetinə çevrilən müddəanın çıxarılması nəzərdə tutulur. Bu dəyişiklik Ermənistanın Azərbaycanla münasibətlərində siyasi yanaşmasının dəyişdiyini göstərən mühüm addım kimi qiymətləndirilə bilər. Lakin sənədin referendumda qəbul edilib-edilməyəcəyi və bunun sülh sazişinin imzalanmasını nə dərəcədə sürətləndirəcəyi hələ də açıq sual olaraq qalır. Bəs İrəvanın bu təşəbbüsü Bakı ilə yekun sülhə aparan yolu aça bilərmi?
Mövzunu "AzPolitika"ya şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanda hazırlanan yeni Konstitusiya layihəsi ölkənin daxili siyasi arxitekturasını və regional münasibətlər sistemini yenidən formalaşdıran mühüm sənəd kimi diqqət mərkəzindədir:
"Layihədə əksini tapan dəyişikliklər iki əsas istiqamətdə, dövlət-din münasibətlərinin tənzimlənməsi və qonşu ölkələrə qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması müstəvisində ciddi müzakirələrə səbəb olub. İlk növbədə Baş nazir Nikol Paşinyan hökumətinin Erməni Apostol Kilsəsi ilə bağlı atdığı addımlar kilsənin ictimai-siyasi proseslərdən tamamilə kənarlaşdırılmasından daha çox, onun fəaliyyətinin və maliyyə mənbələrinin dövlət nəzarətinə alınmasına yönəlib. Uzun müddətdir hakimiyyətə qarşı açıq müxalif mövqedən çıxış edən kilsə rəhbərliyinin səlahiyyətlərinin dəqiqləşdirilməsi və şəffaflığın təmin edilməsi rəsmi İrəvan tərəfindən dünyəvi dövlət prinsiplərinin möhkəmləndirilməsi kimi təqdim olunur. Kilsə dairələri və müxalifət isə bu təşəbbüsləri tarixi nüfuzun zəiflədilməsi və siyasi təzyiq vasitəsi kimi qiymətləndirir. Layihənin digər strateji əhəmiyyətli hissəsi Konstitusiyanın preambulasında yer alan Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın mətndən çıxarılması ilə bağlıdır. Sözügedən bəyannamədə Azərbaycana qarşı ərazi iddialarının yer alması iki ölkə arasında davamlı sülh müqaviləsinin imzalanması yolunda əsas hüquqi maneə kimi çıxış edirdi. Rəsmi Bakının prinsipial mövqeyi və sülh gündəliyi baxımından bu istinadın ləğvi sazişin imzalanması istiqamətində atılan mühüm siyasi addım hesab edilir".

Politoloqun sözlərinə görə, hüquqi sənədlərdə edilən dəyişikliklər Ermənistan cəmiyyətindəki revanşist əhval-ruhiyyənin dərhal aradan qalxması demək deyil:
"Regionda uzunmüddətli və dayanıqlı sabitliyin təmin olunması üçün qanunvericilik islahatları ilə yanaşı, təhsil siyasətinin yenilənməsi, ictimai şüurda formalaşan stereotiplərin aradan qaldırılması və cəmiyyətin sağlamlaşdırılması istiqamətində ardıcıl işlərin aparılması zəruridir. Əks halda daxili müqavimət və köhnə yanaşmalar Ermənistan cəmiyyəti üçün yeni siyasi və sosial problemlər yarada bilər. Nəticə etibarilə yeni Konstitusiya layihəsinin hazırlanması sülh sazişinin imzalanması üçün vacib zəmin yaradır. Prosesin yekun taleyi isə ölkədə keçiriləcək referendumun nəticələrindən və Ermənistan cəmiyyətinin bu siyasi kursa verəcəyi reaksiyadan asılı olacaq".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər