Menu

“PAŞİNYANIN MƏQSƏDİ SÜLH DEYİL...” – Sabiq nazirdən sərt AÇIQLAMA

24.11.2026, 14:44
“PAŞİNYANIN MƏQSƏDİ SÜLH DEYİL...” – Sabiq nazirdən sərt AÇIQLAMA

Tofiq Zülfüqarov: “Azərbaycanla sülh müqaviləsi bağlanmasa, Ermənistanın gələcəyi acınacaqlı olacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini təqdim edərək onun qəbulunu yeni dövlətçilik modelinin formalaşması və Azərbaycanla uzunmüddətli sülhün bərqərar olması ilə əlaqələndirib.

"AzPolitika" xəbər verir ki, Paşinyanın sözlərinə görə, Ermənistan qarşıdurmaya əsaslanan əvvəlki siyasi konsepsiyadan imtina etməli və təhlükəsizlik, iqtisadi inkişaf, eləcə də regional əməkdaşlığın prioritet olduğu bir modelə keçməlidir.

Layihənin ən mühüm müddəalarından biri 1990-cı il 23 avqust tarixli Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Azərbaycan tərəfi sülh sazişinin yekun imzalanması üçün zəruri şərt kimi məhz bu cür konstitusion ziddiyyətlərin aradan qaldırılmasında israr edir.

Paşinyan bu islahatı əvvəlki hakimiyyətlərin siyasi mirasından uzaqlaşacaq “Dördüncü Respublika”nın əsası kimi təqdim edir və sülhün institusional şəkildə möhkəmləndirilməsinin vacibliyini vurğulayır. Lakin təşəbbüs artıq parlament müxalifətinin müqaviməti ilə üzləşib. Müxalifət islahatı rəsmi Bakının tələbləri ilə əlaqələndirərək rədd edir. Hazırda layihənin referenduma çıxarılması üçün hakim partiyaya parlamentdə 6 səs çatmır. Paşinyan isə vətəndaşlar yeni Konstitusiyanı rədd edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu, təsdiqlənəcəyi halda isə növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Vesti.az"-a açıqlamasında Ermənistanın yeni Konstitusiya layihəsini şərh edərkən bildirib ki, bu gün Paşinyan sülhə can atmaqla bağlı bir növ imitasiya ilə məşğuldur.

Sabiq nazirin sözlərinə görə, Paşinyanın Konstitusiyanı dəyişmək istəməməsi ilə bağlı real mövqeyi dəfələrlə özünü büruzə verib: “Xatırlayırsınızsa, bir neçə həftə əvvəl o, müddətləri 2031-ci ilə qədər uzatmışdı? Daha sonra ona təzyiq göstərildi və mövqeyini dəyişdi. Bundan sonra konstitusiya islahatı aparmağa hazır olduğunu imitasiya etmək prosesi başladı. Lakin Konstitusiyanı dəyişmək üçün referendum keçirmək lazımdır, bunun üçün isə parlamentin dəstəyi — deputatların üçdə iki səs çoxluğu tələb olunur”.

Zülfüqarov vurğulayıb ki, çoxsaylı saxtakarlıqlarla müşayiət olunan may parlament seçkilərində hakim partiya parlament çoxluğunu təmin etmək üçün lazım olan qədər mandat qazansa da, konstitusiya çoxluğuna cəmi 6 səs çatmır: “Hələ seçkilər zamanı Azərbaycanda bir çoxları sual verirdi: niyə hər şey məhz bu cür təşkil olunub? Əgər səslər doğrudan da hakim partiyanın qələbəsini təmin etmək və Paşinyanı baş nazir postunda saxlamaq üçün yazılıbsa, niyə bu, konstitusiya çoxluğu əldə etmək və referendum təşəbbüsü irəli sürmək üçün kifayət edəcək həcmdə edilməyib?”

Politoloqun fikrincə, erməni müxalifətinin liderlərinə, o cümlədən Koçaryana və digər siyasi fiqurlara faktiki olaraq belə bir şərt qoyulub: əgər onlar seçkilərin nəticələrini tanısalar, onlara qarşı hər hansı repressiv tədbirlər görülməyəcək.

Zülfüqarov qeyd edib ki, müxalifətin seçki nəticələrini tanıması və parlament iclaslarında iştirakını davam etdirməsi tərəflər arasında konstitusiya islahatından imtinaya əsaslanan müəyyən razılaşmaların olduğunu göstərir: “Bu gün biz Paşinyanın referendum keçirmək istəyini necə imitasiya etdiyini, lakin müxalifətin ona belə bir imkan vermədiyini görürük”.

Ekspert bütün bunları davam edən tamaşa adlandıraraq əlavə edib ki, yeni Konstitusiya layihəsi on ay gecikmə ilə - məhz parlamentin razılığı olmadan referendumun keçirilməsinin mümkünsüzlüyü aydınlaşandan sonra dərc edilib: “Mahiyyət etibarilə bu, sadəcə bir kağız parçasıdır. Hər şey kifayət qədər sadədir: Paşinyan sülh nizamlanması çərçivəsində baş verməli olan prosesləri imitasiya edir. Müxalifətçilər və müəyyən dairələr üçün Konstitusiyada müvafiq müddəaların saxlanılması revanşist niyyətlər baxımından prinsipial əhəmiyyət daşıyır. Onlar hesab edirlər ki, qonşu dövlətlərin ərazilərinin ilhaqı ideologiyası erməni dövlət ideologiyasının əsasını təşkil edir”.

Sabiq nazir hesab edir ki, başında Paşinyanın dayandığı və müxalifət nümayəndələrinin də öz rolunu oynadığı bütün bu “klounada” yalnız beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Onun sözlərinə görə, Vaşinqtonda əldə olunmuş razılaşmalara və Trampın təşəbbüsünə bu cür münasibətin nəticəsiz qalmayacağı İrəvana açıq şəkildə başa salınıb: “Bu məqsədlə Rubio hətta xüsusi səfər etdi və Mirzoyanla birbaşa İrəvan hava limanında danışıqlar apardı. Paşinyan isə bu vaxt faktiki olaraq baş verənlərdən kənara çəkildi. Söhbət ondan gedir ki, Amerika administrasiyası Ermənistan rəhbərliyinə ciddi təzyiq göstərir”.

Zülfüqarovun qənaətincə, Azərbaycanla sülh müqaviləsi bağlanmasa, Ermənistanın gələcəyi acınacaqlı olacaq. O xatırladıb ki, Ermənistan nəinki Konstitusiya və Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları çıxarmaq niyyətində deyil, hətta Almatı bəyannaməsini də ilkin variantda qəbul etməyib, imzalayarkən qeyd-şərt qoyub və ratifikasiya zamanı sənədin mahiyyətini dəyişən 9-10 düzəliş edib.

Keçmiş nazir vurğulayıb ki, parlamentdəki qüvvələr nisbəti müxalifətin təşəbbüsü bloklayacağı şəkildə qurulub və buna görə də referendum baş tutmayacaq: “Ona görə də Paşinyan təşəbbüs rədd ediləcəyi təqdirdə istefa verəcəyini bəyan edəndə, mahiyyət etibarilə boş danışır. Azərbaycan hadisələrin gedişini diqqətlə izləyir. Əgər Ermənistan tərəfi ötən il Vaşinqton görüşündə təsdiqlədiyi sülh prosesinin təməl prinsiplərindən imtina edərsə və üzərinə götürdüyü öhdəliklərdən geri çəkilərsə, Azərbaycan rəhbərliyi müvafiq nəticələr çıxaracaq”.

Ekspert bildirib ki, bunun üçün rəsmi Bakı prosesin təşəbbüskarı olan Tramp administrasiyası və ABŞ-la zəruri məsləhətləşmələr aparacaq. Onun sözlərinə görə, Rubionun səfəri zamanı Ermənistana artıq bir xəbərdarlıq edilib və hazırda oynanılan “komediya”nın yeganə məqsədi Paşinyanın guya islahat aparmağa çalışdığını, lakin heç nəyin alınmadığını göstərməkdir.

Tofiq Zülfüqarov yaranmış vəziyyətin regional layihələrə təsirinə də diqqət çəkib: “Nəzərə almaq lazımdır ki, nəticələr o cümlədən TRIPP layihəsinə də toxuna bilər. Əgər Vaşinqton razılaşmalarının icrası şübhə altına alınarsa - hazırda məhz bunu müşahidə edirik o zaman TRIPP layihəsinin özü də sual altına düşə bilər. Rusiyanın nail olmağa çalışdığı və Rusiya rəhbərliyinin Paşinyandan tələb etdiyi də məhz budur”.

Sabiq nazir sonda qeyd edib ki, Ermənistan rəhbərliyi ABŞ-nin mövqeyini dəyişəcəyinə və Trampın prezidentlik müddətinin sonuna qədər tab gətirərək həm TRIPP layihəsini, həm də Vaşinqton razılaşmalarını unutdurmağa ümid edir: “Onların taktikası budur və bunu gizlətmirlər. Bütün məsələ regionun necə olacağı və ətrafımızda hansı transformasiyaların baş verəcəyi ilə bağlıdır. Axı biz Avrasiyanın iki turbulent hissəsi arasında yerləşirik. Şimalda Rusiya ilə Ukrayna arasında müharibə davam edir, cənubda isə İranda müharibə gedir. Bundan sonrakı hadisələrin necə və hansı istiqamətdə inkişaf edəcəyi böyük sualdır”.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol