Menu

İrəvan üçün xilas yolu: Zəngəzur dəhlizi regiona nə vəd edir?

25.11.2026, 16:34
İrəvan üçün xilas yolu: Zəngəzur dəhlizi regiona nə vəd edir?

Ermənistanın TRIPP layihəsi çərçivəsində dəmir yolu tikintisinə 2027-ci ildə başlanacağı ilə bağlı açıqlaması Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Layihə yalnız regionun tranzit imkanlarının genişləndirilməsi deyil, həm də Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Ermənistan üçün layihə iqtisadi dividendlər, yeni investisiyalar və regional nəqliyyat şəbəkəsində mövqelərin gücləndirilməsi imkanı yarada bilər. 

Bəs 2027-ci ildə tikintiyə başlamaq planı nə dərəcədə realdır? TRIPP Azərbaycanın Naxçıvanla birbaşa əlaqələrinə hansı imkanları açacaq? Ümumiyyətlə, Ermənistan bu layihədən hansı iqtisadi və siyasi dividendləri əldə etməyə çalışır?

Mövzunu "AzPolitika"ya şərh edən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Zəngəzur dəhlizi region dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən strateji layihədir:

"Bu layihənin reallaşması ilk növbədə Ermənistanın özünə lazımdır. Müşahidələr onu deməyə əsas verir ki, rəsmi İrəvan layihənin icrasında maraqlı görünür, lakin müəyyən nüanslara görə proses uzanır. Xüsusilə, cənub qonşumuz İran layihənin həyata keçirilməsində maraqlı olmadığı üçün bir sıra maneələr yaratmağa başlayıb. Buna baxmayaraq, proses irəliləyir və gələn il daha da sürətlənəcəyi qənaətindəyəm. Hesab edirəm ki, Ermənistan bu məsələdə üzərinə düşən öhdəliklərə uyğun olaraq daha çevik addımlar atmalı, xüsusilə də İranın diktəsi ilə hərəkət etməməlidir. Regionun digər dövlətləri dəhlizin açılmasında maraqlı görünür. Sadəcə müəyyən amillər səbəbindən məsələdə ləngimələr müşahidə olunur. Azərbaycan baxımından isə layihənin gerçəkləşməsi xüsusilə Naxçıvan amilinə görə strateji əhəmiyyət daşıyır. Bu yol Muxtar Respublika ilə sərhəd vasitəsilə birbaşa əlaqənin qurulmasına imkan verəcək. Ermənistanın iqtisadi və siyasi maraqlarına gəlincə, rəsmi İrəvan layihənin icrasına iqtisadi cəhətdən getdikcə daha çox diqqət yetirir. Çünki ölkənin iqtisadi vəziyyəti əvvəlki kimi deyil. İqtisadi imkanlarını genişləndirmək baxımından istənilən irəliləyişə nail ola bilmir. Bu baxımdan layihə Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir".


Ekspertin sözlərinə görə, siyasi müstəvidə Azərbaycanla yekun sülh sazişi əldə olunmayana qədər layihənin taleyi müəyyən mənada sual altında qalır:

"Düzdür, Azərbaycanın əsas tələblərindən biri Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bununla yanaşı, İrəvan bu gün Zəngəzur dəhlizi ilə bağlı əks mövqedən çıxış etsə də, sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri məhz bu məsələdəki mövqeyindən geri çəkilməsidir. Ona görə də proses Ermənistan üçün həm də ciddi siyasi əhəmiyyət daşıyır və ümumilikdə region ölkələrini ortaq layihə ətrafında birləşdirəcək təşəbbüs kimi qiymətləndirilməlidir".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol