Menu

Putin - Paşinyan görüşünün gündəliyi açıqlandı - Nələri müzakirə edəcəklər?

28.11.2026, 10:09
Putin - Paşinyan görüşünün gündəliyi açıqlandı - Nələri müzakirə edəcəklər?

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək danışıqlarda Ermənistanın Avropa inteqrasiyası istəkləri və Gümrüdəki Rusiya hərbi bazasının taleyi müzakirə olunacaq.

“AzPolitika” Rusiya agentliklərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əsas məsələ, əlbəttə ki, Ermənistan tərəfinin edəcəyi seçim olacaq. Bu seçimin ediləcəyi, nə vaxt və necə ediləcəyi gündəmdədir”, – deyə Peskov “İnterfaks”ın məlumatına görə qeyd edib.

İrəvanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməsi mövzusuna toxunan Kreml rəsmisi vurğulayıb ki, iqtisadi baxımdan “iki stulda oturmaq” istəyi ya təsdiqlənməli, ya da hansısa seçim yolu ilə rədd edilməlidir: “Çünki Avropa İttifaqına yönəlmək və eyni zamanda Avrasiya iqtisadi çərçivəsində inteqrasiya prosesini davam etdirmək istəyi bir-birinə uyğun gəlmir”.

Peskov əlavə edib ki, gündəmdə təhlükəsizlik məsələləri də var və Rusiya hərbi bazasına da mütləq toxunulacaq: “Bundan əlavə, təhlükəsizlik məsələləri də mövcuddur; şübhəsiz ki, bizim hərbi bazamız məsələsi də qaldırılacaq”.

Onun sözlərinə görə, Gümrüdəki Rusiya hərbi bazası “regionda təhlükəsizlik və sabitliyin təmin olunmasının çox mühüm elementidir və burada Ermənistan tərəfinin mövqeyini eşitmək, əlbəttə, maraqlı olacaq”. Peskov ümumilikdə danışıqların gündəliyinin çox zəngin olacağını, mövcud bütün çətinliklərə baxmayaraq, Moskva və İrəvan arasında əlaqələrin kifayət qədər geniş xarakter daşıdığını deyib.

Xatırladaq ki, Moskva İrəvandan Aİ və Aİİ arasında referendum keçirərək tez bir zamanda seçim etməsini tələb edir. Ermənistan rəhbərliyi isə referendum vaxtının yetişmədiyini və hazırda Aİİ-dən çıxmaq niyyətində olmadığını bildirir.

Gümrüdəki 102-ci Rusiya hərbi bazası ilə bağlı Vladimir Putin sentyabrın 1-də Bişkekdə Paşinyanla görüşdən sonra “Ermənistan hesab etsə ki, Rusiya hərbi bazası ona lazım deyil, biz heç olmasa sabah çıxarıq” demişdi. N.Paşinyan isə cavabında bazanın müzakirə olunmadığını, lakin Rusiya onu çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəklərini, qalmaq istəsələr bunu da müzakirə etməyə hazır olduqlarını bildirmiş və bazanın Ermənistan üçün həyati əhəmiyyət daşımadığını vurğulamışdı.

N.Paşinyan dekabrın 3-də işgüzar səfərlə Moskvaya gedərək Putinlə görüşəcəyini açıqlayıb. O, ümumilikdə dekabr ayında danışıqlar aparmaq üçün Rusiyaya üç dəfə səfər edəcəyini bildirib. Baş nazir həmçinin Ermənistanla Rusiya münasibətlərində gərginliyin artmadığını, əksinə, azaldığını və İrəvanın Moskva ilə mübahisə etmək niyyətində olmadığını vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol