Menu

Durov "iPhone" istifadəçilərinə xəbərdarlıq etdi: Telefonunuz bir anda ələ keçirilə bilər

28.11.2026, 08:45
Durov "iPhone" istifadəçilərinə xəbərdarlıq etdi: Telefonunuz bir anda ələ keçirilə bilər

"Telegram" messencerinin təsisçisi Pavel Durov "iPhone" istifadəçilərini kütləvi kiberhücum təhlükəsi barədə xəbərdar edib. 

"AzPolitika" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

Durovun sözlərinə görə, smartfondakı iOS əməliyyat sistemi hətta azacıq köhnəlmiş olsa belə, cihazdakı bütün fərdi məlumatlar ciddi risk altındadır. Təhlükənin miqyası o qədər böyükdür ki, haker hücumunun başlaması üçün istifadəçinin sadəcə zərərli bir veb-sayta daxil olması kifayət edir.

Yaranmış təhlükə ilə əlaqədar "Telegram" iOS-un köhnə versiyalarından istifadə edən bütün şəxslərə təcili xəbərdarlıq mesajları göndərməyə başlayıb. Pavel Durov həmin bildirişin ekran görüntüsünü paylaşaraq problemin genişmiqyaslı olduğunu təsdiqləyib. Messencerin mesajında qeyd olunur ki, sistemin köhnə versiyalarındakı boşluqlar həm şəxsi məlumatları, həm də hesabları birbaşa hədəfə çevirir. İstifadəçilərə təhlükəsizliyi təmin etmək üçün əməliyyat sistemini dərhal ən son versiyaya yeniləmək tövsiyə edilir.

Qeyd edək ki, "Apple" şirkəti daha əvvəl "WebKit" brauzer mühərrikində aşkarlanan oxşar boşluqları aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri təqdim etmişdi. Ötən ilin mart ayında şirkət istifadəçiləri təcili olaraq iOS 18.3.2 versiyasını quraşdırmağa çağırmışdı. "Apple" mütəxəssislərinin açıqlamasına görə, bu boşluq zərərli veb-məzmunun brauzerin qoruyucu "sandbox" mühitindən kənara çıxmasına və konkret şəxslərə qarşı mürəkkəb kiberhücumların təşkilinə şərait yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol