Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starshield" peyk rabitə sisteminə tətbiq olunan məhdudiyyətlər cəbhədə ağır nəticələrə – kütləvi dron itkilərinə və bir sıra hərbi əməliyyatların ləğvinə gətirib çıxarıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Kyiv Independent" nəşri Ukrayna ordusunun iki hərbçisinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, rabitə sistemindəki məhdudiyyətlər xüsusilə orta mənzilli hücum dronlarının, o cümlədən "Fire Point" şirkətinin istehsalı olan FP-2 tipli pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətinə ciddi zərbə vurub. Nəşrə danışan hərbçilər qeyd ediblər ki, son zərbə əməliyyatları zamanı dron itkiləri kritik həddə çatıb, bəzi mühüm missiyaları isə ümumiyyətlə təxirə salmaq məcburiyyətində qalıblar.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl BBC-yə verdiyi müsahibədə ordunun "Starlink" və "Starshield" sistemlərindən istifadəsində məhdudiyyətlərin hələ də qüvvədə olduğunu təsdiqləmişdi. Dövlət başçısı noyabrın əvvəlində ABŞ hökumətinə və İlon Maskın "SpaceX" şirkətinə müraciət edərək bu məhdudiyyətləri aradan qaldırmağa çağırmışdı. Zelenski bildirmişdi ki, sözügedən texniki qadağalar Ukraynanın enerji infrastrukturunu Rusiya dronlarının hücumlarından effektiv şəkildə qorumağa mane olur.


Şərhlər