"New York Post" nəşrinin adı açıqlanmayan mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədlər arasında kimi dəstəkləyəcəyini mümkün qədər uzun müddət açıqlamamağı planlaşdırır.
"AzPolitika" xəbər verir ki, mənbənin qəzetə bildirdiyinə görə, Tramp komanda üzvləri arasında rəqabət mühiti yaratmağı üstün tutur və rəsmi dəstək qərarını son ana qədər təxirə sala bilər.
Qeyd olunur ki, bu addım həm Respublikaçılar Partiyası daxilində nəzarəti əldə saxlamaq, həm də siyasi təsirinin vaxtından əvvəl zəifləməsinin qarşısını almaq məqsədi daşıyır.
"New York Post"un yazdığına görə, Tramp qəzetə müsahibəsində partiya daxilində prezidentliyə namizəd ola biləcək bir neçə şəxsin olduğunu və kənardan gözlənilməz bir rəqibin çıxacağını ehtimal etmədiyini bildirib.
Nəşr xatırladır ki, mümkün varislər sırasında vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun adları çəkilir. Müdafiə naziri Pit Heqsetin də namizədliyini irəli sürə biləcəyi ilə bağlı suala cavab verən Tramp onun hazırkı işini yaxşı gördüyünü qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ mediasında Heqsetin 2028-ci il seçkilərində iştirakı nəzərdən keçirdiyinə dair xəbərlər yayılsa da, nazir bu iddiaları təkzib etmişdi.


Şərhlər